Quba rayonunda baş verən qəzanın təfərrüatları bəlli olub. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Rustov kəndində baş verib. Belə ki, kənd ərazisində 2015-ci il təvəllüdlü Renat Mahir oğlu Orucəliyevi avtomobil vurub. Uşağı vuran sürücü isə hadisə yerindən qaçıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov yaralı uşağı, uşağın anasını və nənəsini öz avtomobilinə mindirərək, Quba Rayon Mərkəzi Xəstəxanasına aparıb. Lakin yolda digər avtomobil tərəfindən vurulub.
Nəticədə, 3 uşaq atası olan sürücü Emin Əzizov hadisə yerində, 4 yaşlı uşaq isə xəstəxanada ölüb. Uşağın anası və nənəsi ağır bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda onlar müalicə olunurlar.
Faktla Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
***17:23
Quba rayonunda avtomobillə vurulan yeniyetməni xəstəxanaya çatdırmaq istəyən şəxs qəzaya düşərək ölüb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Rustov kəndində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Emin Səfərəli oğlu Əzizov kənd içində avtomobilin vurduğu qonşusunun oğlunu öz maşını ilə xəstəxanaya çatdırmaq istəyib. Ancaq idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Nəticədə E.Əzizov hadisə yerində ölüb.
Yeniyetməni vuran sürücünün kimliyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.