Bakıda avtomobili sərxoş vəziyyətdə idarə edən 30-dan artıq sürücü saxlanılıb - FOTO

Bakıda avtomobili sərxoş vəziyyətdə idarə edən 30-dan artıq sürücü saxlanılıb - FOTO Şöbə rəisi: "Ötən illə müqayisədə Bakı şəhərində baş verən yol nəqliyyat hadisələrinin ümumi təsnifatında azalma qeydə alınıb"
Hadisə
14 Noyabr , 2015 16:29
Bakıda avtomobili sərxoş vəziyyətdə idarə edən 30-dan artıq sürücü saxlanılıb - FOTO

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qayda pozuntularına yol verən sürücülərə qarşı növbəti reyd keçiriblər. Bu barədə "Report"a idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsisi polis polkovniki Vaqif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, reyd noyabrın 13-14 keçirilib: "Günün qaranlıq saatlarında təşkil edilən reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən, avtomobilin konstruksiyasında dəyişikliyə yol verən, polisin qanuni "saxla" əmrinə tabe olmayan, avtoxuliqanlıq hərəkətləri və digər ciddi qayda pozuntuları törədən sürücülər müəyyən olunaraq, barələrində müvafiq tədbirlər görülüb.

Eləcə də, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin İdarəetmə şöbəsinin müşahidə kameraları vasitəsi ilə yol polisinin "saxla" tələbini pozan, avtoxuliqanlıq hərəkətləri edən, hərəkətini işıqforun qırmızı işiğında davam etdirən və nəticədə qəzalara səbəb olan sürücülər də aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib".

V.Əsədov bildirib ki, ümumilikdə reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən 30-dan artıq sürücü müəyyən olunaraq saxlanılıb. Avtoxuliqanlıq edən 2, polisin qanuni tələbini pozan 4 və konstruksiya dəyişikliyi edən 20, elektron qaydada təyin edilən cərimə protokollarını ödəməkdən yayınan 15 sürücü aşkarlanıb: "Reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülərlə profilaktiki söhbətlər aparılıb, yollarda hərəkət iştirakçılarının hüquq və vəzifələri izah edilib. Vurğulanıb ki, paytaxtda qeydə alınan yol nəqliyyat hadisələrinə qarşı həyata keçirilən qabaqlayıcı-profilaktiki tədbirlərin nəticəsidir ki, ötən illə müqayisədə Bakı şəhərində baş verən yol nəqliyyat hadisələrinin ümumi təsnifatında azalma qeydə alınıb".

Şöbə rəisi deyib ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reydlər mütəmadi olaraq, bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi