Avtomobili qaçıraraq qəza törədən Sabirabad sakini saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 19-da saat 1 radələrində Səbail rayonu ərazisindən “Jeep” markalı avtomobilin qaçırılması barədə 39-cu Polis Bölməsinə daxil olan məlumatla əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində həmin avtomobillə Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsi müəyyən olunub.
Avtomobil Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müvəqqəti duracağa yerləşdirilib.
39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda və yol qəzası törədərək hadisə yerini tərk etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Kamran Nərimanlı müəyyən olunaraq saxlanılıb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.