Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) aprelin 29-da gecə saatlarında şəhər ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə avtomobilin Saatlı rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Ağaməmmədov rayonun Məzrəli kəndi ərazisində saxlanılarkən tabesizlik göstərib, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə məxsus xidməti avtomobilini vuraraq qaçmağa cəhd göstərib.
Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində O.Ağaməmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 31 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.