Yuxarı

Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə təqsirləndirilən şəxslərin məhkəməsində polis rəisi ifadə verib

Məhkəmə heyəti prosesə gəlməyən şahidlərin məcburi qaydada gətirilməsi barədə qərar çıxarıb

Bakı. 27 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Mehman Əliyev ifadə verib.

Nizami Rayon Polis İdarəsinin Növbətçi hissənin rəisi vəzifəsində çalışan M.Əliyev I Avropa Oyunları zamanı Atletlər kəndində gündüz qrupunun rəhbəri olduğu bildirilib: "Hadisədən sonra Vəli Əhmədovdan bu haqda soruşdum. O, mənə avtobusun əyləcində problem yarandığını dedi. Elçin Həsənov isə işlə bağlı təlimatlandırılıb. O, çalışdığı xidməti otağa heç kimi buraxmaq səlahiyyətinə malik deyildi. Elçin Həsənov xidmət apararkən bir neçə dəfə nöqsana yol verdiyi üçün cəzalandırılıb. Hətta Elçin Həsənov xidməti otağa noutbuk gətirdiyi üçün ona bir dəfə cərimə də kəsilib. Düzdür, o, yaxşı xidmət apardığına görə fərqlənib də..."

E.Həsənov hadisədən sonra iki dəfə M.Əliyevin otağında sənədlərə qol çəkdiyini deyib: "Həmin sənədlərdən biri xidməti vəsiqəmi təhvil verməyimlə bağlı idi. Mən işlə bağlı təlimatlandırılmamışam".

Məhkəmə heyəti prosesə gəlməyən şahidlərin məcburi qaydada gətirilməsi barədə qərar çıxarıb.

Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi