Atası avtomobillə vurularaq öldürülən tanınmış jurnalist məhkəmədə ifadə verib

Atası avtomobillə vurularaq öldürülən tanınmış jurnalist məhkəmədə ifadə verib İmdad Əlizadə təqsirləndirilən şəxsin həbs olunmasını istəyib
Hadisə
8 Dekabr , 2017 16:49
Atası avtomobillə vurularaq öldürülən tanınmış jurnalist məhkəmədə ifadə verib

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə 3 vəsatət qaldırıb.

Yazılı şəkildə vəsatətləri məhkəməyə təqdim edən İ.Əlizadə təqsirləndirilən S.Qarayevin barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəyib.

Digər vəsatətdə isə o qeyd edib ki, hadisə baş verən zamanı S.Qarayevin ya narkotik maddənin təsiri altında, ya sərxoş vəziyyətdə olması, yaxud telefonla danışması ehtimalı var: "İndiki halda təqsirləndirilən şəxsin həmin vaxt narkotik maddələrin təsiri altında olub-olmamasını, yaxud spirtli içki qəbul edib-etməməsini müəyyənləşdirmək mümkün deyil. Çünki hadisədən 1 il 10 aydan çox vaxt ötüb. Ona görə də məhkəmədən xahiş edirəm ki, qəzanın baş verdiyi ərazinin 2016-cı ilin fevral ayının 14-ü səhər saatlarına olan lokasiyasının çıxarılması üçün mobil operatorlara sorğu göndərilsin. Əgər ərazinin lokasiyası əldə olunsa, Seymur Qarayevin qəza baş verən zaman telefonla danışıb-danışmadığını müəyyənləşdirmək mümkün olar. Biz bilmək istəyirik ki, hadisə baş verən zaman Seymur Qarayev telefonla danışırdı, ya yox".

İ.Əlizadə sonuncu vəsatətində söyləyib ki, təqsirləndirilən S.Qarayev eynəkdən istifadə edir: "Həmçinin onun sürücülük vəsiqəsi də var. Düşünürük ki, o, sürücülük vəsiqəsi alan zaman dövlət orqanlarını aldadıb. Məhkəmədən xahiş edirik ki, Seymur Qarayevin görmə qabiliyyətinin gecə, havanın qaranlıq olduğu zaman avtomobil sürməsinə imkan verib-vermədiyini müəyəynləşdirmək üçün ekspertiza təyin edilsin".

Bu zaman təqsirləndirilən şəxsin vəkili Mirzəmmət Rəhimov yerindən İ.Əlizadənin vəsatətlərinə gülərək cavab verib. O, zərərçəkmişin hüquqi varisinin dediklərini "nağıl" adlandırıb. Zərəçəkmişin hüquqi varisi buna etiraz edib. O, vəkili müdafiə işini qanunlar və etik qaydalar çərçivəsində aparmağa dəvət edib. 

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra İ.Əlizadə ifadə verib. O, dindirilən zaman atasının avtomobillə vurulması hadisəsindən necə xəbər tutduqlarını, atası Ə.Əliyevin 4 xəstəxanada - 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”), Mərkəzi Kliniki Xəstəxanada, “Avrasiya” Hospitalda və Bakı Sağlamlıq Mərkəzində, ümumilikdə, 504 gün koma vəziyyətində müalicə olunduğunu, xəstəxana xərclərini ödəmək sahəsində üzləşdikləri çətinliklərdən danışıb. O qeyd edib ki, məcburi köçkün ailəsi olduqlarına görə özəl xəstəxanaların xərclərini yalnız xeyirxah insanların, dostların, yaxınların köməyi ilə ödəyə biliblər. İ.Əlizadə bildirib ki, müalicəyə kömək məqsədi ilə 2 dəfə atasının "54 gün erməni mühasirəsində" kitabının satış aksiyasını keçiriblər.  

İ.Əlizadə qeyd edib ki, yol-nəqliyyat hadisəsindən sonra təqsirləndirilən S.Qarayev onu aldadıb, xəstəxanalara xərclənmiş 166 min 531 manatın yalnız 4 min manatını ona verib: "Seymur Qarayev məni dəfələrlə aldatdı ki, "gəlirəm, pul verəcəm" deyirdi, lakin həmin vədlərinə indiyə qədər də əməl etməyib. Hətta bu gün də dostlar və qohumlar buna görə məni qınayaırlar. Onlar bildirirdilər ki, "sən niyə Seymur Qarayevlə yumşaq davranırsan?" Seymur Qarayev də mənim onunla yumşaq davranmağımdan istifadə etdi və indi də edir. Mənim bu günə qədər “Avrasiya” Hospitalına 11 min 270 manat borcum qalıb. Həmin borcların da yaranmasına səbəb Seymur Qarayev oldu. Çünkü mənə hər dəfə deyirdi ki, "pulu gətirirəm, yoldayam". Amma hər dəfə yalançı çıxırdı".

Zərərçəkmişin hüquqi varisi bir daha vurğulayıb ki, təqsirləndirilən şəxsə qarşı 166 min 531 manat mülki iddia qaldırıb və o, xəstəxanalara ödənilmiş məbləğlərin qəbzlərini məhkəməyə təqdim edib.

Təqsirləndirilən şəxsin müdafiəçisi mülki iddianı qəbul etmədiklərini deyib.

Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin edilib.

Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.

Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Ə.Əliyev altı övlad böyüdüb. Tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.

Son xəbərlər

Orphus sistemi