Hazırda Xankəndi, Xocalı, Kərkicahan və Malıbəylidə minatəmizləmə işləri aparılır.
Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, antiterror əməliyyatlarından sonra suverenliyin bərpa olunduğu ərazilərdə minatəmizləmə əməliyyatı başladı: "Biz orada yol kənarlarında, mülki bölgələrdə, binalarda, demək olar, bütün ərazilərdə çoxlu partlayıcı qurğular, silah-sursat ələ keçirmişik. Hazırda bir neçə yaşayış məntəqəsində təmizləmə işləri aparırıq. Xüsusilə Xocalı, Kərkicahan, Malıbəyli və Xankəndidə əhalinin köçürülməsi prosesi ilə bağlı fəaliyyət davam edir".