Ali Məhkəmə jurnalistin atasını avtomobillə vuraraq öldürən şəxslə bağlı yeni qərarını elan edib

Ali Məhkəmə jurnalistin atasını avtomobillə vuraraq öldürən şəxslə bağlı yeni qərarını elan edib Ali Məhkəmədə jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə verilən kassasiya şikayətlərinə baxılıb.
Hadisə
502
4 Sentyabr , 2019 17:36
Ali Məhkəmə jurnalistin atasını avtomobillə vuraraq öldürən şəxslə bağlı yeni qərarını elan edib

Ali Məhkəmədə jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə verilən kassasiya şikayətlərinə baxılıb.

"Report"un məlumatına görə, hakim Hafiz Nəsibovun sədrlik etdiyi iclasda tərəflər çıxış edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı İmdad Əlizadənin nümayəndəsi, vəkil Abil Bayramov bildirib ki, bu iş üzrə verilən mülki iddia ilə bağlı qərardan daha əvvəl verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmə işi yenidən apellyasiya instansiyasına qaytarmışdı: "Ali Məhkəmənin qərarına uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi işə baxıb və yeni qərar çıxarıb. Apellyasiya instansiyasında işə baxılarkən Ali Məhkəmənin göstərdiyi iradlar aradan qaldırılıb və təqsirləndirilən Seymur Qarayevdən, ümumilikdə, 141 min 931 manat tutularaq mülki iddaçı İmdad Əlizadəyə ödənilməsi ilə bağlı qərar qəbul edilib".

Vəkil həmin qərardan məhkum - mülki cavabdeh S.Qarayev tərəfindən verilən şikayətin əsassız olduğunu deyərək təmin edilməməsini istəyib.

Həmçinin zərərçəkmiş tərəf S.Qarayevə verilən cəzanın və mülki iddia məbləğinin artırılması ilə bağlı da kassasiya şikayəti verib. Vəkil A.Bayramov həmin şikayətin təmin edilməsini istəyib.

Məhkumun vəkili Fuad Məmmədov S.Qarayevin kassasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi İ.Əlizadənin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş edib.

Dövlət ittihamçısı Süleyman Atakişiyev zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin mülki iddiaçı İmdad Əlizadənin verdiyi şikayətin təmin edilməsini, cavabdeh tərəfin kassasiya şikayətinin isə təmin edilməməsini istəyib.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən, tərəflərin kassasiya şikayətləri təmin edilməyib, S.Qarayevdən 141 min 931 manat tutularaq mülki iddaçı İmdad Əlizadəyə ödənilməsi ilə bağlı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.

Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Ə.Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edib (ümumilikdə, 166 min 531manat).

Cinayət işinə Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyib. İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib.

Zərərərçəkmişin hüquqi varisininin nümayəndəsi İ.Əlizadənin isə apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, məhkəmə 166 min manat maddi və mənəvi zərər hissəsindən 120 min 931 manat ziyanın ödənilməsi barədə qərar çıxarıb. Bu, Mərkəzi Klinika və "Avrasiya" hospitalda mərhum Əli Əliyevin müalicəsinə sərf olunan hissəyə şamil edilib. Qərara əsasən, 120 min 931 manatın 3 min manatı isə mənəvi təzminat kimi zərərçəkmişin hüquqi varisinə ödənilməli idi.

İ.Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb. Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası qüvvədə saxlanılıb, mülki hissə isə ləğv edilib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya instansiyası işə yenidən baxaraq, Seymur Qarayevdən, ümumilikdə, 141 min 931 manat tutularaq mülki iddaçı İmdad Əlizadəyə ödənilməsi ilə bağlı qərar qəbul edib.

Orphus sistemi