Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alan şəxslərin son durumu açıqlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbilə xəsarət alan 3 kişi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Onlardan 1992-ci il təvəllüdlü və 1982-ci il təvəllüdlü şəxslər boğulma, hipotermiya, travmatik şok, hipoksik ensefalopatiya, bədənin müxtəlif nahiyələrinin travmatik zədələnmələri və sıyrılmış yaralar diqanozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicə alır.
1988-ci il təvəllüdlü şəxs isə boğulma, hər iki baldırın sıyrılmış yarası diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Aparılan zəruri tibbi yardımdan sonra pasiyentlərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.
Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər - 1982-ci il təvəllüdlü Qazax rayon sakini Bəxtiyar Abdullayev, Gədəbəy rayon sakini Bəxtiyar Qasımov (1988) və Cəbrayıl rayon sakini Elnur Salahov (1992) xəsarət alıb.
Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.
Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.