Ağdamda başlayan yanğın daha da genişlənib – YENİLƏNİB
- 23 iyul, 2026
- 23:26
Ağdamda başlayan yanğın daha da genişlənib.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğın küləyin təsirilə Baş Qərvənd, Bayramlar, Şıxlar və Göytəpə kəndlərinin ərazilərinə də yayılıb.
Hazırda FHN-in Ağdam yanğınsöndürən bölməsinin şəxsi heyəti hadisə yerində alovun qarşısını almağa çalışır.
Xatırladaq ki, Ağdam ərazisində baş verən yanğın hadisəsi rayonun Sarıcalı və Kəngərli kəndlərinin ərazisində qeyd alınıb. Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumdan "Report"a verilən xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.