Abşeronda xalasının ərini iki yumruğa öldürən şəxs məhkəmədə ifadə verib

Abşeronda xalasının ərini iki yumruğa öldürən şəxs məhkəmədə ifadə verib Bakı. 4 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində xalasının ərinin yumruqla ölümünə səbəb olmaqda təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
4 İyul , 2018 13:08
Abşeronda xalasının ərini iki yumruğa öldürən şəxs məhkəmədə ifadə verib
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində xalasının ərinin yumruqla ölümünə səbəb olmaqda təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittihamla V.Hüseynov özünü təqsirli bilmədiyini söyləyib.

Daha sonra mərhumun hüquqi varisi, onun oğlu Zaur Şakirov ifadə verib.

O, Vüqar Hüseynovun xalasıoğlu olduğunu deyib: "Vüqarın qızı və nəvəsi rəhmətə gedəndə biz birinci gün yasa gedə bilmədik. Anam əməliyyat olunmuşdu. Amma atam həmin gün yasa getdi. Səhər də biz getdik. Atam yasa gedəndə orda olan qadınlar yüksək səslə ağlayıb. Atam da gedib onlara söyləyib ki, "hadisədir baş verib, hamının yası olur". Bunu deyəndə atamı ordan qovublar. Sonra Vüqar "Şakiri öldürəcəyəm" deyib". Atam buna görə çox pis olmuşdu".

Z.Şakirovun sözlərinə görə, yas mərasimindən iki gün sonra V.Hüseynov atasını görüşə çağırıb: "Həmin gün dayım zəng elədi ki, atamı maşın vurub. Mən də dedim ki, atamı Vüqar vurub. Çünki ondan şübhələnirdim. İlk ağlıma o gəldi. Biz xəstəxanaya getdik. Həkimlər bildirdi ki, artıq beyninin bir hissəsi işləmir. Hazırlıq görməyimi istədilər. İki gün sonra atam öldü. Mən morqa getdim. Atamın beyin sümüyü içəri batmışdı. O, yumruq zərbəsi ilə dəymiş xəsarət deyildi. Beşbarmaqla vurula bilər. Mən bunu ehtimalla deyirəm".

V.Hüseynov isə Z.Şakirovun yalan danışdığını söyləyib.

V.Hüseynov ifadə zamanı deyib ki, avtomobil qəzasında ailəsinin 5 üzvünü itirib: "Çöldə ağlayan qadınlara Muğamın nə dediyini bilmirəm. 40 mərasimindən sonra mən Muğamla görüşdüm. 4 cümə axşamında Muğam mənim yanımda olub. Mən, sadəcə, söz gəlişi Muğamdan səbəbi soruşdum ki, "nə deyibsən?" Amma o mənə elə cavab verdi ki, dilimə gətirə bilmirəm. Prokurorluqda da nə qədər soruşdularsa, demədim, deməyəcəm də. Amma onu orada necə vurduğumu xatırlamırdım. Mənə kamera görüntülərini göstərəndə bildim".

V.Hüseynov mərhumla yaxşı münasibətlərinin olduğunu, heç vaxt problem yaşamadıqlarını bildirib: "Mən onun dəfn xərclərini də qarşıladım. Həbs edilənə qədər həkim tapdım, müalicəsinə əlimdən gələni etdim. Dayım dedi ki, ailəsi 50 min istəyir. Əvvəlcə şikayətçi deyildilər. Amma sonradan fikirlərini dəyişdilər. Əmimgil dəfələrlə danışığa gedib".

Qeyd edək ki, hadisə bu il Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Belə ki, V.Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək dünyasını dəyişib. Onun yas mərasimi başa çatandan sonra V.Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib. Bu zaman M.Şakirov V.Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib.

Bundan qəzəblənən V.Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub. Yumruq zərbələrindən M.Şakirov yerə yıxılıb. O, aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hüseynov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi