Abşeronda qohumunu öldürməkdə təqsirləndirilən qardaşların cəzaları artırılıb

Abşeronda qohumunu öldürməkdə təqsirləndirilən qardaşların cəzaları artırılıb Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
1696
14 Oktyabr , 2017 14:40
Abşeronda qohumunu öldürməkdə təqsirləndirilən qardaşların cəzaları artırılıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində Vasif Məmmədovu qətlə yetirməkdə, qardaşı Asif Məmmədovu isə bıçaqlamaqda təqsirləndirilən Vüqar və Zülfüqar Yusifov qardaşlarının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zərərçəkmişin hüquqi varisi və onun nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilib, təqsirləndirilən şəxslərin müdafiəçilərinin apellyasiya şikayəti isə təmin olunmayıb. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, hər iki qardaşın 12 il müddətinə azadlıqdan məhrumetmə cəzaları 18 ilə qədər artırılıb.

Qeyd edək ki, hadisə 2014-cü il iyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində baş verib. Məmmədov və Yusifovlar (onlar qohumdurlar) arasında borc üstündə düşən dava qətllə nəticələnib.

Belə ki, qəsəbə sakini 25 yaşlı Vüqar İsmayıl oğlu Yusifov borclu olduğu qohumları Asif və Vasif Məmmədovlar tərəfindən dəfələrlə təhdid olunub. Tərəflərin mübahisəsi sonda davaya çevrilib, Vuqar yaxın qohumlarına bıçaqla xəsarət yetirib. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həkimlər V.Məmmədovun həyatını xilas edə bilməyiblər.

Abşeron Rayon Polis Şöbəsində istintaq apırılan zaman məlum olub ki, V.Yusifovun qardaşı Z.Yusifov da hadisə yerində olub.

Vüqar və Zülfüqar Yusifov qardaşları Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki qardaş 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumların müdafiəçiləri və zərərçəkmişin hüquqi varisi və onun nümayəndəsi apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi