"Zirə"nin baş məşqçisi: "Qurban Qurbanov gəlib deməyəcək ki, oyunu verin"

"Zirə"nin baş məşqçisi: "Qurban Qurbanov gəlib deməyəcək ki, oyunu verin" Ayxan Abbasov: "Oyuna ciddi hazırlaşmışdıq"
Futbol
12 Fevral , 2017 19:21
Zirənin baş məşqçisi: Qurban Qurbanov gəlib deməyəcək ki, oyunu verin

Bakı. 12 fevral. REPORT.AZ/ "Oyuna ciddi hazırlaşmışdıq. Bundan əvvəlki matçda məğlub olmuşduq. Buna görə də ardıcıl ikinci məğlubiyyəti almaq istəmirdik. Məqsədimiz avrokuboklara vəsiqə əldə etməkdir. Üstəlik, evdə oynayırdıq. "Qəbələ” də güclü komandadır, son illər öz sözünü deməyi bacarır. Rəqib 10 nəfərlə qalsa da, qol vura bildi. Amma sonra iki hücumçuya keçdik və bərabərlik qolunu vurduq. İki futbolçu ilk dəfə idi ki, start heyətində yer alırdı. Onlar qarşıdakı görüşlərdə daha yaxşı olacaq. Çalışacağıq xallarımızın sayını artıraq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- İctimaiyyətdə belə fikir formalaşıb ki, "Zirə” "Qarabağ”a bu cür sürətli oyun təklif etsəydi, xal ala bilərdi. Bununla razısınız?

- İlk dəfə özümə borc bilirəm ki, buna cavab verim. Futbol oynayanda da bu tip hallar yaşanmışdı. Vaxtilə "Qarabağ” – AZAL matçında da eyni söz-söhbətlər yaranmışdı. Heç vaxt bu söhbətlərə getməmişik, məşqçi kimi də getməyəcəyik. Debüt etdiyimiz ötən mövsüm gümüş medal qazandıq. Paxıllıq yaranıb. Azərbaycan futbolunun problemi budur. Bizim sponsorumuz başqa, onlarınkı başqa. "Qarabağ” güclüdür və onlara qarşı oynamaq çətindir. Bu gün onlara rəqib yoxdur. "Qəbələ” də çempionluğa oynayır, amma "Qarabağ” tam fərqli oyun göstərir. Düzdür, "Qarabağ”da oynamışam. Amma Qurban Qurbanov gəlib deməyəcək ki, oyunu verin. Orada münasibətim yaxşı olan futbolçular var. Ötən mövsüm "Qəbələ”yə 3 oyunçu vermişdik. O demək idi ki, onlara oyun verməliyik? Ən çox "Qarabağ”a qalib gəlmək istəyirəm. Onlarla oyunumuz alınmır, bizdən üstündürlər.

- İlk 20-25 dəqiqədə hücumda çoxala bilmirdiniz. Hesab 1:1 olarkən də eyni vəziyyət yaranmışdı.

- Biz hücumda ən azı 5 nəfərlə iştirak etmək istəyirdik. Amma cinah müdafiəçilərimiz hücuma az qoşulurdular. Bu da rəqibin təzyiqindən irəli gəlirdi. "Qəbələ” də qapımız qarşısında ciddi vəziyyət yarada bilmirdi. Amma ikinci hissədə daha baxımlı oynadıq. Bu həftə standart vəziyyətlər üzərində işləmişdik. Çünki "Qəbələ”nin bu baxımdan probleminin olduğunu bilirdik. Qol buraxmağımız isə ani epizoddan oldu, müdafiəçinin ayağı sürüşdü. Ozobiç də çox yaxşı oyunçudur, bunu qaçırmadı.

- Sizə elə gəlmir ki, "Qarabağ”la oyundakı məqamlar söz-söhbətlərə zəmin yaradır? Komandanın bu rəqiblə matçda sarı vərəqə almaması, Elvin Məmmədovu əvəzləməyiniz müəyyən şübhələrə əsas verdi...

- Bununla razı deyiləm. Elvin Məmmədov "Qarabağ”la görüşü zəif keçirdi. Açığı, onu meydana buraxmaq istəmirdim. Amma özü çox oynamaq arzusunda idi. 3 gündən bir oynayırdı, yorulmuşdu. Əks-hücumdan oynamaq istəyirdik. Elvin Məmmədov birinci hissədə istədiyim kimi oynamadı. 3 hücumçu buraxmışdım. Uduzmaq istəsəydim, 3 hücumçu ilə oynayardım? "Real” – "Barselona” oyununda da bəzən vərəqə olmur. Oyun belə gətirib, vərəqə verilmirsə, buna biz nə edək. "Qarabağ”ın ciddi qol vəziyyətləri olmurdu. Sadəcə, müdafiədən çıxa bilmirdik. Futbolçularımızda "Qarabağ”a, "Qəbələ”yə qarşı qorxu hissi var. Güclü legionerlər də Azərbaycanda bu komandanı tanıyırlar. "Zirə”ni yavaş-yavaş tanıyacaqlar. Çıxıb meydanda bu cür artistlik eləmərik.

Son xəbərlər

Orphus sistemi