Bakı. 18 sentyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının IV turunun oyunları ilə bağlı qərarlar qəbul olunub.
"Səbail"lə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar "Zirə"yə 800 manat cərimə kəsilib. Bundan başqa, matçın nəticəsi "Zirə”nin limiti pozması səbəbindən ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Turnirin reqlamentinə əsasən, protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməli idi. “Zirə” isə protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu qeyd etməyib.
“Qarabağ”la səfər oyununun 70-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Qonaq komanda matç başa çatdıqdan sonra azarkeşlərinin meydana kənar əşyalar atması səbəbindən daha 1600 manat ziyana düşüb.
"Qəbələ" ilə ev oyununun 75-ci dəqiqəsində isə “Sabah”ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.