UEFA "Qarabağ" - "Atletiko" matçı ilə bağlı statistik məlumatları açıqlayıb

UEFA "Qarabağ" - "Atletiko" matçı ilə bağlı statistik məlumatları açıqlayıb Məqalədə bu kollektivlərin ilk dəfə qarşılaşacaqları və hər iki komandanın son turdakı məğlubiyyəti unutdurmağa çalışacağı vurğulanıb
Futbol
14 Oktyabr , 2017 14:01
UEFA Qarabağ - Atletiko matçı ilə bağlı statistik məlumatları açıqlayıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ UEFA-nın rəsmi saytı Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turunda “Qarabağ” komandasının evdə İspaniya “Atletiko”suna qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb.

“Report” xəbər verir ki, məqalədə bu kollektivlərin ilk dəfə qarşılaşacaqları və hər iki komandanın son turdakı məğlubiyyəti unutdurmağa çalışacağı vurğulanıb.

“Qarabağ”

“Qarabağ” ilk dəfə İspaniya komandası ilə üz-üzə gələcək. “Atletiko” heç vaxt Azərbaycan klubu ilə rəsmi matçda qarşılaşmayıb.

Ağdam komandası qrupda keçirdiyi ilk iki oyunda uduzub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İngiltərədə “Çelsi”yə 0:6, Bakıda isə İtaliya “Roma”sına 1:2 hesabı ilə məğlub olub.

“Qarabağ” ÇL-in və Avropa Liqasının qrup mərhələsində keçirdiyi 10 ev oyunundan 2-də qalib gəlib, 4 dəfə uduzub.

Azərbaycan klubu ilk dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” buna Gürcüstan “Samtredia”sı (5:0, 1:0), Moldova “Şerif”i (0:0, 2:1) və Danimarka “Kopenhagen”ini (1:0, 1:2) mübarizədən kənarlaşdırmaqla nail olub.

Bu, “Qarabağ”ın ÇL-də 4-cü mövsümüdür. Azərbaycan komandası əvvəlki 3 mövsümdə III təsnifat mərhələsində uduzub. Bakıda məskunlaşmış komanda 2016/2017 mövsümündə ardıcıl 3-cü mövsüm ÇL-də mübarizəni dayandırsa da, elə 3-cü dəfə Avropa Liqasının qrupuna düşüb. Buna rəğmən, Azərbaycan təmsilçisi heç vaxt 1/16 finala vəsiqə qazanmayıb. “Qarabağ” 2016/2017 mövsümündə 5-ci dəfə Azərbaycan Premyer Liqasının qalibi olduqdan sonra ÇL-in qrupuna vəsiqə əldə edib.

“Atletiko”

Madrid təmsilçisi 2013-cü ildə “Bakı” ilə Azərbaycanda yoldaşlıq oyunu keçirib və 3:0 hesabı ilə qalib gəlib. Həmin görüşdə qollardan birini “Çelsi”dən “Atletiko”ya dönən Dieqo Kosta vurub. Lakin o, qış fasiləsindən sonra meydana çıxa bilər.

“Atletiko” ilk turda İtaliyada “Roma” ilə qolsuz heç-heçə edib. Daha sonra isə evdə “Çelsi”yə 1:2 hesabı ilə məğlub olub.

Paytaxt komandası ÇL-də keçirdiyi son 10 səfər görüşündən yalnız 3-də qələbə əldə edib. Madridlilər ötən mövsüm qrup mərhələsində 3 səfər oyunundan 2-də qalib gəlib.

2016/2017 mövsümündə İspaniya La Liqasında 3-cü yeri tutan “Atletiko” ÇL-in qrupunda 6 oyunun hamısında qalib gələn 7-ci komanda ola bilərdi. Lakin madridlilər son turda “Bavariya”ya məğlub oldular.

Dieqo Simeonenin rəhbərlik etdiyi kollektiv ötən mövsüm yarımfinalda “Real Madrid”ə məğlub olaraq mübarizəni dayandırıb.

Komandalar arasında əlaqələr

“Qarabağ”ın futbolçusu Miçel Madera 2011-ci il noyabrın 6-da La Liqada “Xetafe”nin “Atletiko”nu 3:2 hesabı ilə məğlub etdiyi görüşdə fərqlənib. Bu, ispaniyalı yarımmüdafiəçinin sabiq komandasının forması ilə çıxdığı 60 matçda yeganə qoludur.

Miçel 2009-cu ildə Xixon “Sportinq”inin, 2013-cü ilin noyabrında isə “Xetafe”nin heyətində “Atletiko”ya müvafiq olaraq 1:3 və 0:7 hesablı məğlubiyyətlərdə iştirak edib.

Miçel və “Atletiko”nun qapıçısı Migel Anhel Moyya 2011-2014-cü illərdə “Xetafe”də komanda yoldaşı olublar.

“Qarabağ”ın digər futbolçusu Dani Kintana karyerasına İspaniyanın “Valensiya” komandasının əvəzedici komandasında başlayıb. İspaniyalı yarımmüdafiəçi vətənində “Pusol”, “Ontenyente”, “Alsiru”, “Rasinq”, “Urakan”, “Olimpik” və “Ximnastik” klublarında da çıxış etsə də, heç vaxt “Atletiko”ya qarşı forma geyinməyib.

Faktlar

“Qarabağ” ardıcıl 5-ci ölkə çempionluğuna doğru irəliləyir. Komanda Premyer Liqada 19 xalla liderdir və ötən mövsümlə müqayisədə 6 xal çox toplayıb.

Ağdam komandasının daxili yarışlarda məğlubiyyətsiz seriyası 18 oyuna çatıb. Son məğlubiyyət bu il fevralın 28-də olub.

Bədavi Hüseynov, Rahid Əmirquliyev, Qara Qarayev, Ramil Şeydayev, Əfran İsmayılov və Riçard Almeyda 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya və Almaniyaya qarşı oynayıblar. Çexlərlə görüşdə Rəşad Sadıqovla Mahir Mədətov da meydana çıxıblar.

Sadıqov milli karyerasını 111-ci matçında başa vurub. Yeni kapitan isə Əmirquliyevdir.

Madridlilər son 13 matçda yalnız bir dəfə - ÇL-in II turunda “Çelsi”yə uduzub. Bu seriya may ayından bəri davam edir.

Dieqo Qodin, Xose Mariya Ximenes (hər ikisi Uruqvay), Koke, Saul (hər iksi İspaniya) və Antuan Qrizmann (Fransa) oktyabrın əvvəlində 2018-ci il dünya çempionatının seçmə mərhələsinin oyunlarında iştirak ediblər.

Qrizmann “Qızıl top” mükafatına namizəd olan 30 nəfərlik siyahıda yer alıb.

Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi