UEFA bu gün milli komandaların bu yay keçirilməli olan əsas turnirinin – Avro-2020-nin tarixinin dəyişdirilməsi – 2021-ci ilə keçirilməsi ilə əlaqədar qərar qəbul edib.
"Report" AFFA-ya istinadən xəbər verir ki, qərar qəbul olunarkən oyun iştirakçılarının sağlamlığının prioritet məsələ olması və çempionatın təşkil olunacağı ölkələrdə dövlət orqanlarının üzərinə hər hansı əlavə təzyiqin düşməməsi nəzərə alınıb. Avro-2020-nin tarixinin dəyişdirilməsi COVİD-19 virusu ilə əlaqədar məcburi fasilə yaranmış ölkədaxili çempionatların yekunlaşdırılmasına şərait yaradacaq.
UEFA-nın bütün klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb. Avro-2020-yə vəsiqə uğrunda martın sonuna təyin olunmuş play-off oyunları mövcud situasiya dəyərləndirildikdən sonra bu ilin iyun ayındakı beynəlxalq oyun günlərində keçiriləcək.
Müvafiq qərarlar bu gün UEFA-nın prezidenti Aleksander Çeferin tərəfindən çağırılmış, UEFA-nın üzvü olan 55 milli assosiasiyanın nümayəndələrinin, Avropa Klublar Assosiasiyasının, FIFPro Avropanın təmsilçilərinin iştirakı ilə təşkil olunmuş videokonfransdan sonra UEFA İcraiyyə Komitəsi tərəfindən qəbul olunub.
Avro-2020 üçün yeni tarixlər 11 iyun – 11 iyul 2021-ci il təklif olunub. UEFA hazırda bilet sahibi olanlara və qonaqpərvərlik xidməti müştərilərinə 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə, biletlərin və qonaqpərvərlik xidməti paketlərinin nominal qiymətinin tam şəkildə ödəniləcəyinə zəmanət verir. Növbəti ay ərzində bu proses barədə elektron poçt və euro2020.com/tickets keçidi vasitəsilə əlavə məlumat veriləcək.
Klub və milli komandalar səviyyəsində kişilər və qadınlar arasında digər turnirlərin vaxtı elan olunacaq.
***18:30
UEFA AVRO-2020-nin koronavirus pandemiyasına görə təxirə salındığını rəsmən açıqlayıb.
"Report" qurumun saytına istinadən xəbər verir ki, məlumatda turnirin gələn ilin yayında keçiriləcəyi qeyd olunub.
***15:54
Bu yay Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AVRO-2020 təxirə salınıb.
“Report” xəbər verir ki, bu barədə "New York Times" nəşrinin müxbiri Tariq Panca məlumat yayıb.
İddiaya görə, bu barədə qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə elan olunub.
Rəsmi qərarın UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunacağı bildirilib. Saat 18:00-da isə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Qərara əsasən, turnir gələn il 11 iyun - 11 iyul tarixlərində təşkil olunacaq. Məlumatı Norveç Futbol Federasiyasının rəsmi saytı da təsdiqləyib.