Yuxarı

Toni Adams mayın sonlarında "Qəbələ"dən ayrılır

Xəbəri əfsanəvi futbolçu və klub da təsdiqləyib

Bakı. 11 may. REPORT. AZ / "Qəbələ" klubunun futbol direktoru Toni Adams tutduğu vəzifədən mayın sonlarında ayrılacaq. "Report"un məlumatına görə, bu barədə ötənlərin əfsanəvi müdafiəçisi "The Guardian" nəşrinə açıqlamasında bildirib.

O, Danimarkanın "Bröndbü" klubu ilə danışıqlar apardığını təsdiqləyib: "Bəli, mən "Bröndbü" ilə baş məşqçi təklifi istiqamətində danışıqlar aparıram. Baş məşqçi işinə qayıtmaq üçün mayın sonlarında "Qəbələ"dən ayrılacağam. Hələ heç nə həllini tapmayıb. Əminəm ki, "Bröndbü" baş məşqçi postuna layiqli şəxsi tapacaq".

T.Adams Danimarka klubu ilə bir neçə həftədir danışıq aparır. 50 yaşlı mütəxəssisin "Brondbü"nün sahibi Yan Bex Andersenlə "Çelsi"nin kapitanı Con Terri vasitəsilə münasibətləri yaranıb. C.Terri onların ortaq dostu sayılır. Təyinat baş tutsa, o, İngiltərə "Arsenal"ında komanda yoldaşı olmuş Con Censeni özünə köməkçi götürəcək. "Bröndbü"nün sükanı arxasına keçməyə digər namizədlər "Suonsi Siti"nin köməkçi-məşqçisi Morten Uiqhorst və Farer adaları yığmasının baş məşqçisi Lars Olsendir.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov "Report"a açıqlamasında T.Adamsın klubdan ayrılma ehtimalının olduğunu təsdiqləyib: "Bu, əvvəlcədən də klubumuzla danışılmışdı. Amma rəsmi olaraq 100 faiz deyə bilmərik ki, ayrılacaq. Adamsa təkliflər var və onları dəyərləndirmək istəyir. Özü də bizimlə söhbətdə təkliflər aldığını və ayrılma ehtimalının olduğunu deyib. Dedi ki, təklifləri dəyərləndirmək istəyirəm".

Z.Əzizovun sözlərinə görə, futbol direktoru ilə anlaşma mayın sonlarında tərəflərdən birinin istəyilə pozula bilər: "Adams uzun illərdir klubumuzdadır. Bizim üçün yad adam deyil. Hər nə qədər əcnəbi vətəndaş olsa da, klub daxilində bizdən biridir. Qərarı klub daxilində müzakirə olunacaq. Amma rəsmi müraciət etməyib".

Qeyd edək ki, Toni Adams əvvəllər "Qəbələ"də baş məşqçi postunu tutub. Onun 2010-cu ilin mayından başlanan fəaliyyəti 18 ay çəkib. Sonradan T.Adams klub prezidenti Tale Heydərovun müşaviri də olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi