Ruslan Abışov: "Qırğızıstan yığması futbol oynamağa çalışırdı"

Ruslan Abışov: "Qırğızıstan yığması futbol oynamağa çalışırdı" "Qırğızıstan millisi kimi komandalara qarşı da güclü hazırlaşmaq lazımdır"
Futbol
30 May , 2018 01:47
Ruslan Abışov: Qırğızıstan yığması futbol oynamağa çalışırdı

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov yoxlama oyununda Qırğızıstanı 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

Qurban Qurbanovun rəhbərliyi altında 4-cü oyun idi. Komanda ilk qələbəsini qazandı. Növbəti matçlarla müqayisədə bu oyunu necə dəyərləndirirsiniz?

- Komandanın yaxşı çıxış etdiyi oyundan-oyuna hiss olunur. Tamam başqa bir sxemdə oynayırıq. Baş məşqçi bizdən başqa şeylər istəyir. Çalışırıq ki, onun istəklərini meydanda yerinə yetirək. Qırğızıstan yığması zəif deyil. Futbol oynamağa çalışırdılar. Nəsə göstərirdilər. Əsas olan isə qələbə idi. Belə böyükhesablı qələbələr isə milliyə lazımdır. Həm də özünəinamı artırır. Qarşıdakı oyunlara da ciddi hazırlaşmalıyıq. Yoxlama oyunlarından sonra Millətlər Liqasında çıxış edəcəyik. Son 3 oyunda komanda olaraq bir nöqtəyə köklənməliyik ki, vacib matçlarda səhvlərimiz olmasın.

Milli komanda bu oyuna kimi digər yoldaşlıq oyunlarında da qüvvəsini sınayıb. Güclü komanda ilə də üz-üzə gəlib. Məğlub olduğu qarşılaşmada belə yaxşı çıxış edib. Komanda sanki bu gün birinci hissədə oynamadı. Bu rəqibin zəif olması ilə bağlı idi?

- Rəqibin güclü və zəif olması motivasiya cəhətdən problemlər yaradır. İstər-istəməz güclü rəqibə qarşı daha yaxşı hazırlaşırsan. Qırğızıstan millisi kimi komandalara qarşı da güclü hazırlaşmaq lazımdır. Hesabın belə olması biraz arxayınçılıq yaradırdı.

Hesabın böyük olması rəqiblə bağlıdır, yoxsa yığmanın oyun planı inkişaf edib?

- Futbolçular baş məşqçinin dediklərini etməyə çalışırdılar. Düşünürəm ki, qol epizodlarımız yaxşı idi. Ürfanın vurduğu qolda da, yaxşı epizod alındı. Rəqib də zəif idi. Amma əsas olan odur ki, biz öz səhvlərimizdən nəticə çıxartmağı bacarmalıyıq. Zəif və güclü tərəflərimizi bilməliyik.

Artıq 4-cü oyundur ki, Maksim Medvedevlə birgə müdafiənin mərkəzində oynayırsınız. Bədavi Hüseynov da zədəsini sağaldıb sıraya dönəcək. Onunla birgə çıxış etməmisiniz. Qurban Qurbanov sizi birlikdə oynatsa, milli komanda Millətlər Liqasında problemlə üzləşə bilərmi?

- Sevinirəm ki, Bədavi artıq sağalıb. Milli komandanın düşərgəsindədir. Mənim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, milli üçün uğurlu çıxış edək və müdafiə xətti uğurlu təsir bağışlasın.

Mövsümün sonu olduğuna görə, futbolçuların klublarla müqaviləsi başa çatır. Qurban Qurbanov oyunçulara klublarla danışıqlar aparmağa icazə verirmi?

- Hazırda hamı milli komandanın təlim-məşq toplanışındadır. Fikirlərimizi buraya yönəltmişik. Toplanış bitəndən sonra hər kəs danışıqlar aparacaq.

Son xəbərlər

Orphus sistemi