Bakı. 9 oktyabr. REPORT.AZ/ “Milli komandada oynamaq mənim həmişəki arzumdur. Bu qədər tez dəvət alacağımı gözləmirdim. Buna görə klubum “Proyssen Münster”ə və məşqçilər korpusumuza təşəkkür edirəm”.
“Report” xəbər verir ki, bunu yenidən Azərbaycan millisinə dəvət alan Almaniyanın “Proyssen Münster” klubunun futbolçusu Rüfət Dadaşov “Bild”ə müsahibəsində deyib.
27 yaşlı hücumçu bildirib ki, yığmadakı rəqabətin səviyyəsindən xəbərsizdir. O, Millətlər Liqasının oyunlarında meydana çıxacağına ümid etdiyini söyləyib: “Yığmada rəqabətin nə qədər böyük olduğunu bilmirəm. Uzun müddətdir orada olmadığım üçün bir çox futbolçuları tanımıram. Almaniyada “Aue”nin formasını geyinən Dimitri Nazarovla yaxşı dostuq. Bakıya birlikdə uçmuşuq və millidə eyni otağı bölüşürük”.
Dadaşov Bakıya dönüşü zamanı qohumlarının onu ziyarət etdiyini deyib: “Mənimlə görüşdülər və söhbət etdik. Onları yenidən görmək əla idi”.
Azərbaycan millisi Millətlər Liqasında oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakıda Malta ilə qarşılaşacaq. Forvardın fikrincə, yığmanın hər iki oyunda qalib gəlmək şansı var və bunun üçün əllərindən gələni edəcəklər.
Qeyd edək ki, Dadaşov 2013 - 2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Lakin daha sonra Almaniyada Regional Liqada çıxış etdiyi üçün yığmaya çağırılmayıb. Bu ilin yayında III liqa təmsilçisi “Proyssen Münster”ə keçən forvard cari mövsümdə 6 qol vurub və bombardirlik yarışında liderlər qrupunda yer alıb. O, ötən mövsüm 26 qolla Regional Liqanın bombardiri olub.