Azərbaycan milliisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərə "Vulverhempton"unun Avropa Liqasındakı matçı azarkeşsiz keçiriləcək.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəyi ilk 1/16 final qarşılaşması boş tribunalar önündə oynanılacaq. Qərar Yunanıstan hökumətinin koronavisun yayılması səbəbi ilə ölkədə idman tədbirlərinə insanların qatılmasını məhdudlaşdıran sərəncamı əsasında qəbul edilib.
Qeyd edək ki, martın 13-də keçiriləcək "Olimpiakos" - "Vulverhempton" matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq. Dadaşov Avropa Liqası oyunları üçün də sifariş olunsa da, hələ meydana çıxmayıb.
UEFA daha öncə Çempionlar Liqasının 1/8 final mərhələsindəki PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) və Avropa Liqasının 1/8 finalındakı "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) görüşlərinin də azarkeşsiz keçiriləcəyini açıqlayıb. İlk matçda "Borussiya" PSJ-yə qalib gəlib - 2:1.