Yuxarı

​Qurban Qurbanov: "Bu oyun kimi bizə təsir edəni olmamışdı"

Əfsuslar olsun ki, düşünmədiyin nəticələr də olur

Bakı. 2 avqust. REPORT.AZ/ "Qalib gəlmək çox çətin idi. Futbolçuların hər birindən razı qaldım və onlara təşəkkür edirəm".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya" klubu (Çexiya) ilə keçirilən oyundan sonra baş tutmuş mətbuat konfransında deyib.

Q.Qurbanov bunları bildirib:

"Meydana çıxan hər bir komanda qalib gəlmək üçün oynayır. Əfsuslar olsun ki, düşünmədiyin nəticələr də olur. Bu cür çətin rəqibə qarşı oynamağa çalışdıq. Təəssüf edirəm ki, uduzduq. Qalan rəqibi təbrik etməkdir. Qarşıdan ölkə çempionatı başlayır. Bəlkə də bu oyun kimi bizə təsir edəni olmamışdı. Azarkeşlərə də dəstəklərinə görə təşəkkür edirəm. Əfranın oyuna salınması, Riçardın əvəzlənməsinin doğru olduğunu düşünürəm. Çünki get-gedə rəqib topla daha çox oynayırdı. Bizə də lazım olan sürətli əks hücum qurmaq idi. Düşünürəm ki, qol adi bir epizoddan vuruldu. Bu səbəbdən, məncə əvəzetmələr buraxılan qola təsir etmədi. Futbol elədir ki, hər bir nəticəyə hazır olmalıyıq. Bu oyunu unudum, qarşıdakı matçlara köklənməliyik. Motivasiyamızı korlamamalıyıq. Bunu düşünsək, elə bu gündən məğlub olarıq. Əksinə, işimizi düşünməliyik. İnamımızı itirməməliyik. Hər bir rəqibə qarşı oynamaq olar. Qismətimizdə yoxdursa, qələbə qazana bilmərik. Qələbə bütün Azərbaycan üçün daha yaxşı olardı, amma alınmadı. Yəqin ki, qismətdir".

Baş məşqçi transfer məsələsindən də danışıb:

"Həmişə transfer istəmişik. Futbol elə bir oyundur ki, əlimizdə olanları düzgün yönləndirməyə çalışırıq. Bəzən bizdən asılı olmayan səbəblərdən hansısa transferlər alınmır. Fikirləşirik ki, lazımdır. Məyusedici anlar çoxdur. Nəticə, rəqibin qol vurmağı, hamısı məyus edir. Reynaldo qol vuran futbolçudur. Ötürməsiz oynamasına gəlincə, hücumçu digər oyunçulardan daha az ötürmə edir. Topla daha çox davranır. Elə epizodlar var ki, həmin anda yükü öz üzərinə götürməlidir. Ola bilsin ki, qol vurmaq istəyi daha çoxdur, ona görə az ötürmə verir. Nəzərə almaq lazımdır ki, hücumçu daha az ötürmə verir".

Təcrübəli mütəxəssis ölkə çempionatındakı oyunların Avrokubok çıxışlarına təsirindən də danışıb:

"Bizim çempionatla Çexiya çempionatının fərqi böyükdür. Düzdür, ölkə çempionatında çətin oyun olsa, daha yaxşı olar. Oyunun gedişatı beşli müdafiəyə keçməyi tələb etdi. Rəqib bir qol şansından istifadə etdi. İlk oyunda belə hücum futbolu oynamağa gəlincə, biz səfərdə çıxış edirdik. Evdə isə tam fərqli oyun nümayiş etdirməlisən".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi