Petr Çex: "Son oyunumun Bakıda olacağına ümid edirəm"

Petr Çex: "Son oyunumun Bakıda olacağına ümid edirəm" Qarışıq duyğular yaşadım. Qələbə qazanmaq istəyirdik. Bu, mənim üçün yeni hissdir. Bilirəm ki, bu, Emireyts stadionunda sonuncu oyunum oldu.
Futbol
6 May , 2019 12:33
Petr Çex: Son oyunumun Bakıda olacağına ümid edirəm

"Qarışıq duyğular yaşadım. Qələbə qazanmaq istəyirdik. Bu, mənim üçün yeni hissdir. Bilirəm ki, bu, "Emireyts" stadionunda sonuncu oyunum oldu".

"Report" xəbər verir ki, bunu "Arsenal"ının qapıçısı Petr Çex İngiltərə Premyer Liqasının XXXVII turunda “Brayton”la evdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Daha əvvəl karyerasını başa vuracağını açıqlayan 37 yaşlı qolkiper son ev oyununda qələbə qazanmaq və mövsümü yüksək səviyyədə yekunlaşdırmaq istədiklərini söyləyib.

Çexiyalı oyunçu "Arsenal"la vidalaşacağı üçün kədərləndiyini vurğulayıb: "Kədərlənirəm, çünki mənim yolum burada sona çatır. Lakin hələ də ümid edirik ki, üç həftə sonra Bakıya gedəcəyik. Biz toparlanmalı və yarımfinal mərhələsinin cavab oyununa hazır olmalıyıq".

Təcrübəli qapıçı bildirib ki, London təmsilçisində hər kəsə təşəkkür etmək məcburiyyətindədir: "Mən buraya rəqib klubdan gəldim və hər kəs məni qəbul etdi. Hər zaman komanda üçün çalışdım, kluba hər şeyimi verə biləcəyimə inandım. Son oyunumun Bakıda olacağına ümid edirəm. Ən yaxşısı da bu olar. Finala çıxmaq və sonda kuboku qaldırmaq istəyirəm. Düşünürəm ki, "Arsenal"da hər kəs buna layiqdir və biz bunu edə bilərik". 

Qeyd edək ki, "Arsenal" Avropa Liqasının yarımfinal mərhələsinin cavab görüşündə İspaniyada "Valensiya"nın qonağı olacaq. Komandalar arasındakı ilk matç "topçular"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 2015-ci ildən "Arsenal"ın formasını geyinən Petr Çex 2004 - 2015-ci illərdə Londonun digər təmsilçisi "Çelsi"nin şərəfini qoruyub. Turnirin digər yarımfinalında "Çelsi" Almaniya "Ayntraxt"ını (ilk oyun 1:1) qəbul edəcək. Yarımfinal mərhələsinin cavab görüşləri mayın 9-da, final qarşılaşması isə mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.  

Son xəbərlər

Orphus sistemi