​"Neftçi" Emil Mpenza ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək

​"Neftçi" Emil Mpenza ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək Bu barədə klubun Müşahidə Şurasının iclasında qərar qəbul olunub
Futbol
19 İyun , 2015 02:46
​Neftçi Emil Mpenza ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcək

Bakı. 19 İyun. REPORT.AZ/ "Neftçi"nin keçmiş futbolçusu Emil Mpenzanın şikayəti əsasında FİFA tərəfindən kluba kəsilən cəza ilə əlaqədar komandanın Müşahidə Şurasının iclası keçirilib.

"Report"un məlumatına görə, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutan toplantıda Şura üzvləri Sadıq Sadıqov, Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov və Bəhram Bağırzadə, həmçinin icraçı-direktor Elnur Məmmədov iştirak edib.

Müzakirələrə əsasən, qısa müddətdə sənədlərin hazırlanması və məsələyə yenidən baxılması üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edilməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, Belçika vətəndaşı Emil Mpenza 2012-ci ilin yanvarında keçirilmiş təlim-məşq toplanışı zamanı komandanın düşərgəsindən ayrıldıqdan sonra "Neftçi", həmçinin futbolçu tərəfindən FİFA-ya qarşılıqlı şikayətlər olunub. FİFA-nın problemli məsələlərin həlli komissiyası 2012-ci ildən etibarən məsələni araşdırmağa başlayıb və bu müddətdə davam etmiş məhkəmə prosesinin nəticəsi kimi 2015-ci ilin yanvarında qərar çıxarılıb.

Qərarda deyilir:

1. "Neftçi” PFK-nın iddiası qəbul edilməsin.

2. Emil Lokonda Mpenzanın əks iddiası qismən qəbul olunsun.

3. "Neftçi” PFK bu qərarın bildirişini aldıqdan sonra 30 gün ərzində Emil Lokonda Mpenzaya 80 000 (səksən min) ABŞ dolları, eləcə də 5% illik - 30 mart 2012-ci il tarixdən ödənişin həyata keçirildiyi tarixədək, məbləğində qalıq əmək haqqını ödəməlidir.

4. "Neftçi” PFK bu qərarın bildirişini aldıqdan sonra 30 gün ərzində müqavilənin pozulmasına görə Emil Lokonda Mpenzaya 687 500 ABŞ dolları məbləğində təzminatı, həmçinin üstəlik 5% illik - 30 mart 2012-ci il tarixdən ödənişin həyata keçirildiyi tarixədək ödəməlidir.

5. Qeyd olunan məbləğlər təyin olunan müddət ərzində "Neftçi” PFK tərəfindən Emil Lokonda Mpenza ödənilmədiyi təqdirdə, hazırkı məsələ, tələb olunduqdan sonra, nəzərdən keçirilməsi və formal qərarın verilməsi üçün FİFA-nın İntizam Komitəsinə təqdim olunacaq.

6. Emil Lokonda Mpenza tərəfindən əlavə iddia qəbul edilməyəcək.

7. Emil Lokonda Mpenza dərhal "Neftçi” PFK-nı ödənişin həyata keçiriləcəyi bank hesabı haqda məlumatladırmalı və aldığı hər ödəniş haqda FİFA-nın Mübahisəli Məsələlərin Həlli Şurasına xəbər verməlidir.

Futbolçuların Statusu Komitəsi və Mübahisəli Məsələlərin Həlli Şürasının Prosedur Qaydalarının 15 və 18-ci bəndlərinə uyğun olaraq, "Neftçi” PFK qərarın səbəblərinin açıqlanması üçün dərhal FİFA-ya müraciət edib. Müraciətə 15 iyun 2015-ci il tarixdə cavab gəlib. Qərarın səbəbləri FİFA-nın klubumuza ünvanladığı 18 səhifəlik cavabda öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi