Bakı. 1 oktyabr. REPORT.AZ/ “Keşlə” futbol klubun prezidenti Zaur Axundov Azərbaycan Premyer Liqasının VI turunda səfərdə “Qəbələ” il 1:1 hesablı heç-heçədən sonra müsahibə verib.
Paytaxt təmsilçisinin rəhbəri “Report”un əməkdaşının da suallarını cavablandırıb.
- Komandanızın Qəbələdəki oyunu sizi razı saldımı? “Keşlə”nin oyununda dirçəliş olduğunu demək mümkündürmü?
- Demək olmaz ki, dirçəliş vardı. Yenə uşaq səhvləri oldu. Təbii, 3 xal qazana bilərdik. Ancaq qələbəni bizim kimi, “Qəbələ” də əldə edə bilərdi. Fikrimcə, hesab oyuna görə oldu. Problemlərimiz çoxdur.
- Hansılardır?
- Futbolçular hələ meydanda bir-birlərini başa düşmürlər. Onlar öz üzərlərində işləməlidirlər.
- Ötən ay Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda 3 həftəlik fasilə ərəfəsində klubdaxili iclas keçirdiniz, futbolçularınıza iradları sərt formada bildirdiniz. Bundan sonra 3 tur keçdi, ancaq hələ də qələbə qazanılmayıb. Belə çıxır ki, həmin toplantının effekti görünmür?
- Bilirsiniz, vaxt lazımdır. Yeni baş məşqçidir, futbolçularla işləyir. İki futbolçumuz Miloş Boşanciçlə Adrian Skarlatake gedib. Demək olar, çempionat gedə-gedə yenidən komanda qurulur. Yəqin ki, çempionatda qarşıdakı fasilə komandada futbolçuların bir-bilərini yaxşı başa düşməsi üçün faydalı olacaq.
- Serbiyalı baş məşqçiniz Mladen Milinkoviçə etimad limitiniz nə qədər olacaq?
- Hələlik baş məşqçi vəzifəsində çalışır. Onun işindən razıyıq. Amma təbii ki, bu, futboldur, heç kim bir yerdə çox qala bilməz. Hələ Milinkoviçə etimad olunur və bir yerdə çalışırıq. Ancaq onun qarşısında öhdəlik qoyulub ki, bu cür komanda sonuncu yerdə getməməlidir.
- Qış fasiləsində baş məşqçi postunda dəyişiklik olması mümkündür?
- Bu, hər gün, hər saat ola bilər. Elə də ola bilər ki, baş məşqçi vəzifəsində 3-5 il də qala bilər. Futbolda əsas nəticədir.
- Siz də klub rəhbəri kimi hazırkı nəticədən narazısınız...
- Təbii, 6 oyuna 2 xal qazanan komandadan kim razı ola bilər? Üstəlik, bu, kuboku almış komanda olsun. Əlbəttə, nəticədən razı deyiləm.