Yuxarı

“Kəpəz”in kapitanı: “Makedoniya yığmasına qarşı daha yaxşı oynadıq” - MÜSAHİBƏ

“Kəpəz”in kapitanı: “Makedoniya yığmasına qarşı daha yaxşı oynadıq” - MÜSAHİBƏ

Bakı. 29 mart. REPORT.AZ/ "Kəpəz"in kapitanı və Azərbaycan milli komandasının futbolçusu Şəhriyar Rəhimovun “Report”a müsahibəsi

- “Kəpəz”in Azərbaycan Premyer Liqasında sonuncu pillədə qərarlaşdığını nəzərə alsaq, yığmaya çağırılmağınız sizin üçün sürpriz olmadı?

- Açığı, gözlənilməz dəvət oldu. Çünki çox vaxt yığmaya çempionatda yüksək pillələrdə qərarlaşan komandaların futbolçuları çağırılırdılar. Lakin indi fərqli oldu, əksər klublardan oyunçu götürdülər. Bu seçim bir daha göstərdi ki, bütün futbolçular məşqçilər korpusunun diqqət mərkəzindədir.

- Bunu milli komandaya yerli mütəxəssisin – Qurban Qurbanovun rəhbərlik etməsi ilə əlaqələndirmək olar?

- Bəli, əsas səbəb budur. Qurban Qurbanovun millinin baş məşqçisi olması bizim üçün üstünlükdür. Yığmanın əksər üzvləri Azərbaycanda çıxış etdiyi üçün hər kəsi yaxından izləyə bilir. Həm də özü uzun illərdir “Qarabağ”a rəhbərlik edir deyə, yerli futbolçuların potensialına bələddir. O, hamımızı yaxşı tanıyır.

- Əsas yığmada 29 yaşında debüt etdiniz. Bu, hazırda daha yaxşı formada olmağınızdan irəli gəlir, yoxsa əvvəllər millinin əcnəbi baş məşqçiləri sizin kimi futbolçulara diqqət yetirməyiblər?

- Bunu demək çətindir. Düzdür, AZAL-da da yaxşı çıxış etdiyim zamanlar olub. Lakin indi “Kəpəz”də daha stabil çıxış edirəm.

- Yığma mart toplanışında iki yoldaşlıq oyunu keçirdi. Komanda Bakıda Belarus millisinə 0:1 hesabı ilə məğlub olsa da, Antalyada Makedoniya ilə heç-heçə etdi – 1:1. Bu görüşlər barədə nə deyə bilərsiniz?

- Belarusla görüşdə məğlubiyyətə layiq deyildik. Topa nəzarət bizdə idi və qol epizodlarımız da oldu. Rəqib sırf nəticəyə oynadı, müdafiə futboluna üstünlük verdi. Fikrimcə, Makedoniya millisi ustalıq baxımından Belarus yığmasından üstündür. Buna rəğmən, bu rəqibə qarşı daha yaxşı, kompakt oynadıq. Sürətli hücumlar təşkil etdik, qol imkanlarımız da oldu. Öz oyunuma isə baş məşqçi və izləyənlər qiymət verə bilər.

- Belarusla görüşdə əsas heyətdə yer alsanız da, Makedoniya ilə qarşılaşmada iştirak etmədiniz. Bu nə ilə bağlı idi?

- Baş məşqçi mövqeyimdə başqa oyunçuya şans verdi ki, bu da normaldır. Yoldaşlıq oyunları müxtəlif futbolçuların sınaqdan keçirilməsinə xidmət edir.

- Debüt matçınızdan sonra baş məşqçi oyununuzla bağlı fikir bildirdi?

- Xeyr, fərdi söhbət olmadı. Ümumilikdə, komanda ilə danışdı, düşüncələrini bölüşdü.

- Azərbaycan yığmasında sol cinah müdafiəçisi mövqeyi hər zaman problemli olub. İndi sizinlə yanaşı, “Qəbələ”dən Ürfan Abbasovla Təmkin Xəlilzadə və Türkiyənin “Samsunspor” klubundan Ufuk Budak da namizəddirlər. Bu cür rəqabət şəraitində əsas heyət üzvünə çevrilə bilərsinizmi?

- Bunu zaman göstərəcək. Hər bir futbolçu üçün yığmada oynamaq şərəfdir. Hər şeydən öndə millinin maraqları dayanır. Əminliklə deyə bilərəm ki, kim yaxşı formada olacaqsa, o da oynayacaq. Millidə debüt etdiyim üçün xoşbəxtəm. Ancaq onu da dərk edirəm ki, yığmada qalıcı olmaq özümdən asılıdır. Bunun üçün əvvəlkindən də çox çalışmalıyam. Baş məşqçinin seçimi göstərdi ki, o, klubunda daim oynayanları çağırır.

- Klubdan söz düşmüşkən, kapitanı olduğunuz “Kəpəz” aprelin 1-də Premyer Liqanın XXI turu çərçivəsində “Zirə”ni qəbul edəcək. İlk iki dövrədə 0:3 hesabı ilə uduzduğunuz rəqiblə görüşə necə hazırlaşırsınız?

- Həmişəki qaydada hazırlaşırıq. Sonuncu pillədə qərarlaşmışıq və vəziyyəti dəyişmək üçün bütün matçlara qələbə üçün çıxmalıyıq. Bizi yalnız 3 xal qane edə bilər. Durumumuz bunu tələb edir.

- Yay fasiləsində klubunuzu dəyişmək barədə düşünmürsünüz?

- “Kəpəz”lə cari mövsümün sonuna qədər müqaviləm var. İndi bu barədə danışmaq tezdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi