Kamran Quliyev: "Şou göstərmək istəmirdik" - MÜSAHİBƏ

Kamran Quliyev: "Şou göstərmək istəmirdik" - MÜSAHİBƏ Bakı. 3 fevral. REPORT.AZ/ Neftçi klubunun prezidenti Kamran Quliyev səfərdə Qarabağla 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra brifinq keçirib.
Futbol
3 Fevral , 2019 23:05
Kamran Quliyev: Şou göstərmək istəmirdik - MÜSAHİBƏ

Bakı. 3 fevral. REPORT.AZ/ "Neftçi" klubunun prezidenti Kamran Quliyev səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra brifinq keçirib.

"Report"un məlumatına görə, K.Quliyev əvvəlcə oyunu dəyərləndirib...

- "Qarabağ" evdə çıxış edirdi. Amma bu gün sanki biz öz evimizdə idik. Bu qədər azarkeşimiz gəlmişdi. Onlar komandamızı tək qoymadılar, ab-hava gözəl idi. Nəticə də yaxşıdır. Ən önəmlisi isə, çox gözəl oyunun şahidi olduq, öz komandamı təbrik edirəm.

Heç-heçə hansı komandaya sərf edirdi?

- Hazırda turnir cədvəlində biz liderik. Ola bilər ki, daha çox bizə sərf edirdi. Düşünürəm ki, bu görüş 6 xallıq idi, ona görə "Qarabağ"a qələbə daha çox lazım idi. Onu da deyim ki, fasilədən sonra belə oyun hər zaman olmur. Yaxşı oyun oldu.

Futbolçularınıza bu oyuna görə xüsusi mükafat olacaqmı? Çünki soyunub-geyinmə otağına girdiyiniz vaxt sizi alqışladılar.

- Nə olacaqsa, bu, bizim öz aramızda qalacaq.

Bugünkü matçda azarkeşlərə biletlərin satılması ilə bağlı məlumat var idi. Amma deyəsən, bir-birinizin azarkeşlərinə biletlərin satılmamasına dair centlmen anlaşmanız olmuşdu...

- Biz istəyirik ki, azarkeşlər stadiona gəlib oyundan həzz alsınlar, həm də bilet almaqla komandaya da kömək olsunlar. Biletlərin qiyməti də məncə, münasibdir. Bununla bağlı biz müraciət etmişdik. Sağ olsunlar, azarkeşlər də bu gün bilet alıb stadiona gəldilər və bizə dəstək oldular. Biletlərin satılması ilə bağlı əks-reaksiya olmadı.

Dediniz ki, bu gün yaxşı oyun oldu. Amma meydanda görünən o idi ki, "Neftçi" daim müdafiə olunurdu. Meydana 5 müdafiəçi ilə çıxmışdı və qırmızı vərəqə aldıqdan sonra da oyunu öz hissəsində qəbul etdi. "Neftçi" kimi lider olan komanda doğrudanmı belə oyundan sonra sevinir?

- Əvvəla qeyd edim ki, "Qarabağ"ın sərgilədiyi oyun hamıya bəllidir. Mən sizin fikrinizlə tam razı deyiləm. İkinci hissənin ilk 15 dəqiqəsində "Qarabağ" demək olar ki, topla istədiyi oyunu göstərə bilmədi, biz buna imkan vermədik. Qol epizodlarımız da oldu, amma bunlardan yararlana bilmədik. Bu gün oyunçularımız baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirdilər. Bu meydanda, belə abu-havada biz daha çox gələcəyi fikirləşirdik, sırf gözəl oyun sərgiləyərək, şou göstərmək istəmirdik. Bu oyun 6 xallıq idi. Özünüz də gördünüz ki, futbolçularımız nə qədər mübarizə apardılar. Ona görə də mən sevinirəm.

Hakimliklə bağlı nə deyə bilərsiz? Hər iki komanda qırmızı vərəqə aldı və baş hakim sanki hər xırda qayda pozuntusuna görə oyunu saxlayıb tempi aşağı salırdı.

- Hesab edirəm ki, bu gün ilk növbədə futbol qalib gəldi və hakimlərlə bağlı hakim-inspektorlar matça baxıb təhlil edə bilər. Siz bu gün meydanda yaxşı oyun gördünüz və hakim futbolu sındırmadı.

Son xəbərlər

Orphus sistemi