Sumqayıt. 10 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.
"Report" xəbər verir ki, həftənin son oyununda "Sumqayıt" "Neftçi"ni qəbul edib. "Kapital Bank Arena"da keçirilən matç qonaqların qələbəsi ilə başa çatıb - 2:1.
Oyunda hesabı 26-cı dəqidə meydan sahiblərinin hücumçusu Peyman Babayi açıb. Qonaqların heyətində Mamadu Mboc 76-cı dəqiqədə bərabərlik qolunu vurub. Bu zaman "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov topu tordan götürərək meydanın mərkəzinə aparmaq istəyən "Neftçi"nin müdafiəçisi Kiril Petrovu itələyib. Nəticədə referi Rəşad Əhmədov qolkiperə qırmızı, ukraynalı müdafiəçiyə sarı vərəqə göstərib.
Bir qədər sonra baş hakim "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu etirazlara görə texniki zonadan uzaqlaşdırıb, onun köməkçisi Mehman Yunusova xəbərdarlıq edib.
87-ci dəqiqədə isə Ömər Buludov "Neftçi"nin qələbə qolunu vurub. Bununla da qonaqlar cari mövsümdə ilk dəfə məğlub duruma düşdükləri matçda geri dönüş ediblər.
Bu qələbədən sonra xalını 44-ə çatdıran "Neftçi" yenidən liderliyə yüksəlib. "Sumqayıt" isə 16 xalla sonuncu yerdədir.
Qeyd edək ki, turun digər görüşlərində "Qəbələ" "Səbail"i 2:1, "Keşlə" isə "Sabah"ı 3:0 hesabı ilə məğlub edib. "Qarabağ" - "Zirə" qarşılaşmasında qolsuz bərabərlik qeydə alınıb.