Yuxarı
    Bağlamaq

    Futbol ictimaiyyəti Banişevskinin məzarını ziyarət edib

    Ziyarətə AFFA və Neftçi rəsmiləri də qatılıb

    Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanın mərhum futbolçusu Anatoli Banişevskinin anadan olmasının 70-ci ilində AFFA-nın və "Neftçi" klubunun rəhbərliyi, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri mərhumun məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə əklillər və gül dəstələri qoyublar. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, federasiyanın baş katibi Elxan Məmmədov və "Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək A.Banişevskinin Azərbaycan futbolunun inkişafı naminə xidmətlərini xatırladıblar.

    AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov və veteran futbolçu Çingiz İsmayılov mərhum futbolçu ilə bağlı xatirələrini bölüşüblər.

    A.Banişevskinin ailəsi adından həyat yoldaşı çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.

    Qeyd edək ki, Anatoli Banişevski Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən sayılır. O, uzun illər “Neftçi” komandasının heyətində oynayıb, SSRİ yığmasında çıxış edib, dövrünün ən güclü futbolçularından hesab olunur. A.Banişevski 1997-ci il dekabrın 10-da dünyasını dəyişib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi