Yuxarı

Bu gecə Çempionlar Liqasında 1/8 finala 2 vəsiqənin sahibi müəyyənləşəcək

Qalatasaray mübarizəni Avropa Liqasında davam etdirmək üçün Astanaya uduzmamalıdır

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin son turunun oyunlarına start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə qitənin ən nüfuzlu klub turnirinin 1/8 final mərhələsinə 2 vəsiqənin sahibi müəyyənləşəcək. 

Bu, B qrupunun qarşılaşmalarından sonra bəlli olacaq. Bu qrupda 3 komandanın mərhələ şansı qalır. 9 xalla qrup lideri olan Almaniya "Volfsburq"u 1 xal üstələdiyi İngiltərə "Mançester Yunayted"ini qəbul edəcək. Qələbə qazanan tərəf qrup lideri kimi "16-lığ"a daxil olacaq. Digər görüşdə isə Hollandiyanın PSV və Rusiyanın MOİK klubları üz-üzə gələcək. PSV Çempionlar Liqasında yoluna davam etmək üçün mütləq qələbə qazanmalıdır. Heç-heçə Hollandiya təmsilçisini 3-cü yerin sahibi kimi Avropa Liqasına göndərəcək. İlk 2 pillədən əlini üzən MOİK isə qələbə qazanacağı təqdirdə, Avroliqada yoluna davam edəcək.

Digər 3 qrupda isə artıq 1/8 finala vəsiqələrin sahibləri müəyyənləşib. A qrupunda aktivində 13 xal olan İspaniya "Real Madrid"i və 10 xala malik Fransa PSJ-si qitənin ən nüfuzlu klub turnirində yoluna davam edəcək. İsveçin "Malmö" və Ukraynanın "Dinamo" klubları isə 3-cü pillənin sahibi kimi Avropa Liqasına vəsiqə qazanmaq üçün vuruşacaqlar. Komandaların aktivində 3 xal var. "Şaxtyor" PSJ-nin, "Malmö" isə "Real Madrid"in qonağı olacaq.

C qrupunda ilk 2 pillənin sahibləri İspaniya "Atletiko"su ilə Portuqaliya "Benfika"sının aktivində 10 xal var. Qrup liderləri Portuqaliyada üz-üzə gələcəklər. "Qalatasaray" və Qazaxıstanın "Astana" klubları isə 3-cülük üçün mübarizə aparacaq. Qrup mərhələsinin son görüşündə "sarı-qırmızılar"a Avropa Liqasına getmək üçün heç-heçə də kifayət edirsə, "Astana" mütləq 3 xal qazanmalıdır.

D qrupunda isə Almaniyanın "Borussiya" (Münxenqladbax) klubunu qəbul edəcək "Mançester Siti" (İngiltərə) Çempionlar Liqasında yoluna davam edəcək. İspaniyada "Sevilya"nın qonağı olacaq İtaliya "Yuventus"u da 1/8 finala vəsiqəni təmin edib. İki oyunun nəticəsindən asılı olaraq bu qrupda Avropa Liqasına yollanacaq komanda müəyyənləşəcək.

Çempionlar Liqası, qrup mərhələsi, VI tur.

8 dekabr

A qrupu

23:45. PSJ (Fransa) - "Şaxtyor" (Ukrayna)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Paris. "Park de Prens" stadionu

23:45. "Real Madrid" (İspaniya) - "Malmö" (İsveç)

Baş hakim: Danielo Orsato (İtaliya)

Madrid. "Santyaqo Bernabeu" stadionu

B qrupu

23:45. PSV (Hollandiya) - MOİK (Rusiya)

Baş hakim: David Fernandes Borbalan (İspaniya)

Eynhoven. "Filips" stadionu

23:45. "Volfsburq" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə)

Baş hakim: Milorad Majiç (Serbiya)

Volfsburq. "Folksvagen Arena"

C qrupu

23:45. "Benfika" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya)

Baş hakim: Ovidiu Alin Xetseqan

Lissabon. "Eştadiu da Luj" stadionu

23:45. "Qalatasaray" (Türkiyə) - "Astana" (Qazaxıstan)

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

İstanbul. Ali Sami Yen stadionu

D qrupu

23:45. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Mönhenqladbax, Almaniya)

Baş hakim: Danni Makkeli (Hollandiya)

Mançester. "Etihad" stadionu

23:45. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Sevilya. "Ramon Sançes Pisxuan" stadionu

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsini sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi