​Bu gün Çempionlar Liqasının ilk 2 yarımfinalçısı məlum olacaq

​Bu gün Çempionlar Liqasının ilk 2 yarımfinalçısı məlum olacaq "Portu" 11 ildən sonra yarımfinala çıxmağa çox yaxındır
Futbol
21 Aprel , 2015 12:00
​Bu gün Çempionlar Liqasının ilk 2 yarımfinalçısı məlum olacaq

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Almaniyanın "Bavariya" klubu doğma azarkeşlər önündə "Portu" səddini keçməyə çalışacaq. Portuqaliyada baş tutmuş ilk görüş Münhen təmsilçisi üçün uğurlu alınmasa da, Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda bu dəfə yarımfinala vəsiqə qazanmaq üçün mübarizə aparacaq. "Eştadiu du Draqau"da 1:3 hesablı məğlubiyyəti kənardan izləyənlərdən yalnız Bastian Şvaynştayger doğma meydanda komandasına kömək edə biləcək. Digər zədəlilər Aryen Robben, Frank Riberi, David Alaba, Mehdi Benatia, Xavi Martines və Tom Ştarke bərpa prosesi keçdiklərinlərindən, meydana çıxmayacaqlar. Xuan Bernatın isə oynayıb-oynamayacağı sual altındadır. "Portu" üçün bu matç tarixi şans kimi dəyərləndirilir. Portuqaliyalılar növbəti mərhələyə vəsiqə qazanacaqları təqdirdə, 11 illik həsrətə son qoymuş olacaqlar. "Portu" sonuncu dəfə 2003/2004-cü il mövsümündə yarımfinala vəsiqə qazanıb və həmin il Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.

Digər oyunda isə İspaniya "Barselona"sı "Nou Kamp"da Fransanın PSJ klubunu sınağa çəkəcək. İlk görüşdə cəzalı Zlatan İbrahimoviç və Marko Verratti meydana çıxmasa da, hər iki futbolçu bu gecə komandasına kömək edə biləcək. Kataloniyada keçiriləcək matçın ev sahiblərinin heyətində zədə və cəzalı futbolçu olmadığından, komanda meydana tam heyətlə çıxacaq. Fransada keçirilən qarşılaşmada Paris təmsilçisi 1:3 hesabı ilə məğlub olduğundan, səfər oyununda işini çətinə salmamaq üçün qapısını toxunulmaz saxlamaq şərtilə rəqibi ən azı 2 dəfə məyus etməlidir.

Çempionlar Liqası, 1/4 final oyunları

23:45. "Bavariya" (Almaniya) - "Portu" (Portuqaliya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

İlk oyun: 1:3


23:45. "Barselona" (İspaniya) - PSJ (Fransa)

Baş hakim: Sveyn Moen (Norveç)

İlk oyun: 3:1

Qeyd edək ki, 1/4 finalın növbəti iki görüşü sabah baş tutacaq.

Son xəbərlər

Orphus sistemi