Xorvatiya millisinini futbolçusu İvan Rakitiç sentyabrın 9-da AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla səfər oyunu üçün Bakıya gəlməyəcək.
“Report” “Jutarnji List”ə istinadən xəbər verir ki, İspaniyanın “Barselona” komandasının yarımmüdafiəçisi özünü psixoloji cəhətdən hazır saymadığı üçün daha öncə açıqlanan heyətdən çıxarılmasını istəyib.
“Barselona”dan ayrılması gündəmdə olan Rakitiçin hazırda bütün fikrini özünə yeni klub tapmağa cəmlədiyi vurğulanır. Onun xidmətində Fransanın PSJ və İtaliyanın “Yuventus” klublarının maraqlı olduqları deyilir.
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Rakitiçin qərarını şərh edib. O, “Barselona”nın futbolçusu barədə düşünməyə vaxtının olmadığını söyləyib: “Hazır olan oyunçular yığmada yer alacaqlar. Gələcəkdə nə olacağını düşünməyə vaxt yoxdur. Hər şeyin yaxşı olacağına ümid etməli, komandada olmayan futbolçular barədə narahatçılıq keçirməməliyəm. Uelsə qarşı Rakitiçsiz oynadıq və qalib gəldik. Nikola Vlasiç, Yosip Berkalo var... Yığmaya hədəf və istəkləri olanlar gəlir. Rakitiçin yoxluğu ilə bağlı bir proble olsaydı belə, onu özüm bildiyim kimi həll edərdim. Heç bir qorxum yoxdur”.
Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, 3 gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.