​Azərbaycan yığmasının sabiq baş məşqçisi Əhməd Ələsgərov vəfat edib

​Azərbaycan yığmasının sabiq baş məşqçisi Əhməd Ələsgərov vəfat edib O, uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib
Futbol
19 May , 2015 22:32
​Azərbaycan yığmasının sabiq baş məşqçisi Əhməd Ələsgərov vəfat edib

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Neftçi" klubunun sabiq baş məşqçisi Əhməd Ələsgərov vəfat edib. Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Ə.Ələsgərov uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib. O, hazırda yaşadığı Ukraynanın Odessa şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Əhməd Ələsgərov 5 oktyabr 1935-ci ildə Bakı şəhərində anadan olub. Bakı Bədən Tərbiyəsi İnstitunu bitirəndən sonra 1955-1965-ci illər ərzində Bakının "Neftyanik" (sonradan "Neftçi") klubunun şərəfini qoruyub. Bu illərdə 115 oyun keçirib və 6 qola imza atıb. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb.

Əhməd Ələsgərov futbolçu karyerasını başa vurandan sonra futboldan ayrılmayıb və özünü məşqçilik sahəsində sınayıb, Azərbaycan futbol məktəbini SSRİ səviyyəsində təmsil edib. 1966-2006-cı illərə təsadüf edən fəaliyyəti ərzində baş məşqçi kimi fasilələrlə Bakının "Neftçi" (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989), "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.

Azərbaycan, Ukrayna və Tacikistanın əməkdar məşqçisidir.

Əhməd Ələsgərov Bakının 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. "Neftçi"dəki bürünc medal SSRİ çempionatları tarixində Azərbaycanın ən böyük uğuru olub. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasının sükanı arxasına keçib, milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb.

2005-2006-cı illərdə "Bakı" klubuna dəvət alan Əhməd Ələsgərov klubda muşavir və vitse-prezident vəzifələrində çalışıb. Elə həmin mövsüm "Bakı" Azərbaycan çempionu titulunu qazanıb.

Son xəbərlər

Orphus sistemi