"Zirə"nin baş məşqçisi: "Təəssüf ki, mübarizəsiz təslim olduq"

Futbol
  • 15 fevral, 2020
  • 13:44
Zirənin baş məşqçisi: Təəssüf ki, mübarizəsiz təslim olduq
Zaur Həşimov

"Geniş danışası bir şey yoxdur. Pis olan odur ki, evdə böyük hesabla uduzduq. Təəssüf ki, mübarizəsiz təslim olduq. Ən böyük problem budur. Turnir cədvəlinə baxanda hazırda 5-ciyik, kubokda isə yarımfinal oynayacağıq. Təslim olmaq fikrimiz yoxdur. Bu oyuna görə hansı tədbirlər lazımdırsa, komandanın içində özümüz görəcəyik".

"Report"un məlumatına görə, bunları "Zirə"nin baş məşqçisi Zaur Həşimov evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ən böyük problem komandanın son 2 oyunda 3 dəfə qırmızı vərəqə almasıdır: "Yəqin, qələbə istəyi çoxdur. Hər iki matçdan əvvəl belə söhbətimiz olub. Elə mövqedəyik ki, hər an irəli gedə və geri düşə bilərik. Bu da uşaqları təzyiq altında saxlayır. Ancaq nə olur-olsun, ona rəvac vermir ki, bu qədər çox cəzalanan olsun".

Həşimov oyunun gedişində "Zirə" azarkeşlərinin onu istefaya səsləməsinə də münasibətini açıqlayıb: "Azarkeşin istefa tələb etməsi normaldır. Onlar qələbə gözləyirlər. Səhv etmirəmsə, “Zirə”də 14-cü oyunumuz idi, 4-cü dəfə uduzduq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefaya çağırmasını normal qəbul edirəm. Çünki qələbə gözləyirlər. Onlara deyəsi bir söz yoxdur".

Son xəbərlər

Bütün Xəbər Lenti