Zaur Axundov: "Məsuliyyət məşqçilər korpusunun üzərindədir"

Zaur Axundov: "Məsuliyyət məşqçilər korpusunun üzərindədir" “Keşlə”nin Müşahidə Şurasının sədri, Azərbaycan Futzal Federasiyasının prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvüZaur Axundov "Report"un suallarını cavablandırıb. Klub rəhbəri öncə yeni mövsümün hazırlıq prosesini dəyərləndirib...
Futbol
2 Avqust , 2020 12:20
Zaur Axundov: Məsuliyyət məşqçilər korpusunun üzərindədir

“Keşlə”nin Müşahidə Şurasının sədri, Azərbaycan Futzal Federasiyasının prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov "Report"un suallarını cavablandırıb. Klub rəhbəri öncə yeni mövsümün hazırlıq prosesini dəyərləndirib:

- Dörd ay futbol olmayandan sonra təbii ki, çətindir. Amma buna baxmayaraq, komandamız xeyli müddətdir yeni mövsümə hazırlığa yığışıb. Bu, ikinci təlim-məşq toplanışıdır, indi Qəbələdə keçir. Hər şey plan üzrə gedir. 2-3 futbolçu da var ki, yolunu gözləyirik. 7-10 günə sıralarımızda olmalıdırlar. Fikrimiz həm Avropa Liqasına, həm də çempionatın ilk turuna hazırlığa​ yönəlib.​

- Yeni futbolçular arasında​ hücum xəttinin oyunçusu da olmalıdır. Yəqin razılaşarsınız ki, bir tək Aleksandr Kriştovaonun ümidinə qalmaq düz deyil...
- Təbii ki. Yolunu gözlədiklərimizdən biri hücumçudur. İnanırıq ki​, Sezar Meza Kolli də qayıdacaq. Bir də sıralarımıza dayaq yarımmüdafiəçisi qoşulacaq. Yeni transferlər 90 faiz həll olunub.​
- Artıq bilindi ki, Avropa Liqasının ilk təsnifat mərhələsində "Keşlə" "səpələnmişlər" səbətində yer alacaq. Yəqin ki, bu üstünlükdən​ istifadə etmək fikrindəsiniz...
- Sözsüz. Komanda da ona görə güclənir ki, Avropa Liqasında yaxşı nəticə göstərsin. Bunun üçün komandaya məşqçilərin tələbi ilə lazım olan bütün şərait yaradılıb. Yeni oyunçular cəlb olunub, onlar bu gün düşərgəmizdədirlər. Yalnız Cavid İmamverdiyev yoxdu ki, o da bir neçə gün öncə məşqdə yüngül zədə alıb. Amma 2-3 günə Cavid də məşqlərimizə qoşulacaq. Təbii ki, bu dəqiqə fikrimiz yalnız avrokubokda layiqincə çıxış etməkdir.​
- 10-dan çox futbolçu ilə yollarınızı ayırmısınız. Bu, avrokuboka hazırlaşan komanda üçün risk deyil?
- Bilirsiniz ki, bu, mənim yox, məşqçilər korpusunun qərarı idi. Mən də onların qərarına hörmətlə yanaşdım. Əlbəttə, məsuliyyət də onların üzərindədir.​
- Avropa Liqasından danışarkən, bir nüans da var ki, ondan qaçmaq mümkün deyil. Mərhələlər bir oyundan ibarət olacaq və bu, komandalara çox ciddi problem​ yaşada bilər...
- Əlbəttə, rəqib bilinəndən sonra onun son oyunları analiz olunacaq, güclü-zəif tərəfləri bilinəcək. Təbii ki, Tərlan Əhmədov və başçılıq etdiyi məşqçilər korpusu o rəqibə uyğun yenə bir həftəlik təlim-məşq toplanışı keçəcək.
- Ola bilər ki, səfərə düşəsiniz. Həmin hazırlıq toplanışını məhz o ölkədə keçmək ehtimalı var?
- Ola bilər. Ancaq hələ ki işimizdə ardıcıllığı - avqustun 10-da keçiriləcək püşkatma mərasimini gözləyirik.
- Milli komandamızın baş məşqçi postunun Canni de Byaziyə tapşırılması ilə bağlı qərar vermisiniz. Bu təyinatdan nə gözləyirsiniz?
- Fikrimcə, çox düzgün qərardır. Canni de Byazi tanınmış mütəxəssisdir. Hesab edirəm ki, İcraiyyə Komitəsi onunla müqavilənin imzalanması ilə bağlı qərar çıxarmaqla çox düzgün addım atdı. Yeni​ baş məşqçimizə işində uğurlar arzulayıram.
- İtaliyalı mütəxəssisin qarşısına hansı məqsədi qoymusunuz?
- İlkin məqsəd qısa müddət sonra başlayacaq Millətlər Liqasında uğurlu çıxış etməkdir. De Byazi yaxın günlərdə Azərbaycana gələcək, çempionatın ilk turuna da, avrokuboklarda Bakıya​ düşəcək oyunlara da baxacaq və seçimini edəcək.​
- Futzal dünyasında nə var-nə yox?
-​ Hələ ki gözləyirik, elə bir xəbər yoxdur. Təbii ki, futzal da diqqət mərkəzimizdədir. UEFA bir qərar verəndən sonra biz də o qrafikə uyğun hərəkət edəcəyik. Çempionat artıq qurtarıb, klublar istirahətdədir.​
- Klubların dağılma təhlükəsi yoxdu?
- Yox,​ bu baxımdan hər şey qaydasındadır. Hazırda UEFA-nın qərarını gözləyirik. Qərar qəbul olunduqdan sonra daxili çempionatımız başlayacaq.​
- Daha 4 kluba da AFFA maddi vəsait ayırandan sonra bu dəstəyi görməyən yalnız "Qarabağ" qaldı. Doğrudanmı, klubların maddi vəziyyəti belə ağırdır və yalnız AFFA-ya ümid bağlamalı olublar?
- Özünüz hər şeyi görürsünüz. Özünü maliyyələşdirməyi bacaran çox az klub qalıb. Çempionatımızın daha da yüksək səviyyədə keçməsi üçün AFFA və SOCAR öz maddi yardımını göstərir.​

Son xəbərlər

Orphus sistemi