"Çətin olacağını bilirdik. "Keşlə"nin gücünə bələdik. Futbolçular planları və tapşırıqları yerinə yetirdilər. Oyunçuları matçlara kökləmək çətindir. Onların diqqəti cəbhədədir.
Qələbəni əsgərlərimizə, şəhidlərimizə bəxş edirik. Fəxr edirik ki, belə ölkəmiz və vətəndaşlarımız var".
"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın VII turunda səfərdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, komandası bugünkü qarşılaşmada yaxşı oynayıb: "Amma daha yaxşı oynaya bilərik. Meydan amilini də nəzərə almaq lazımdır. Mənim istədiklərimi bu gün meydanda verdilər. Mən, azarkeşlər və hər kəs daha yaxşı "Neftçi" istəyir.
Çempionatın bütün matçları çətin olur. Biz yavaş-yavaş istədiyimiz nəticəyə çatacağıq. Hər qələbə futbolçuya stimul verir".
F.Məmmədovun sözlərinə görə, bəzən futbolçular orta səviyyəli komandalara qarşı matça yaxşı köklənə bilmir: "Futbolçuların fikri bilirsiniz haradadır. Onları oyuna kökləməkdə çətinlik çəkmişəm. Hamısının diqqəti cəbhədə baş verən hadisələrdədir".
"Döyüş zonasında olan əsgərlərə uğurlar arzulayıram, hər zaman onların yanındayıq. Bu gün qələbə qazanmaq üçün meydana çıxmışdıq. Bəzi qol epizodları yaratdıq, amma istifadə edə bilmədik. Rəqibə uğurlar arzulayıram, düşünürəm ki, biz uduzmamalıydıq. "Neftçi" də elə çox təhlükəli epizodlar yaratmadı".
"Report" xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın VII turunda evdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
55 yaşlı mütəxəssis bildirib ki, komanda vaxt keçdikcə daha yaxşı oyun sərgiləyir: "Futbolçular pis təsir bağışlamır, getdikcə daha yaxşı olacaq. "Neftçi"nin imkanları bizdən çox olsaydı, deyərdim ki, məğlubiyyətə layiq idik. Yaxşı oynayıb uduzmaq pisdir. Əsas nəticə yadda qalır. Mən də istəyərəm ki, pis oynasaq da, nəticə əldə edək".
Hüseynov komandaya qayıdan Sezar Meza Kolli barədə bunları deyib: "O, 5-6 gündür ki, komanda ilə məşq edir. Oyunun gedişatını dəyişmək üçün Sezarı meydana buraxdıq. Tam hazır deyil, 30 dəqiqə oynamaq üçün gücü var idi. Sezar formada deyil, o həmişə bu komandanın aparıcı futbolçusu olub. Mən ümumiyyətlə komandamdan narazı deyiləm, hər kəsin futbola baxışı fərqlidir. İmkanlardan istifadə edə bilsəydik, biz qələbə qazanardıq. Əgər mən bu komandaya gəlmişəmsə, deməli, bu mənim komandamdır.
Gələcəkdə yaxşı yerlərdən birini tutacağıq. Buna əminəm. Bizim komandamızın çempion olmaq üçün potensialı var. Hər bir baş məşqçi komandanı çempionluğa kökləməlidir. Nə qədər alınacaq, oyunlarda görsənəcək. Bu gün alınmadı. İmkanlarımız oldu, ötən tur "Səbail"lə görüşdə iki xal itirdik. Bu gün də qol imkanlarımız "Neftçi"dən daha çox idi".
Baş məşqçi bir hücumçu ilə mübarizə apardıqlarını söyləyib: "Anlaşa bilsək, bu mövqeyə oyunçu götürə bilərik. Amma bir forvardla çıxış etmək ağırdır".
Mütəxəssis oyunçuların qol imkanlarını boşa verməsinə də toxunub: "Mən 12-13 yaşlı futbolçularla işləsəydim deyərdim ki, necə zərbə vurmaq lazımdır. Bunlar hamısı peşəkar oyunçulardır. Yeddi oyuna 6 qol vurmuşuq, bu aşağı göstəricidir".