Qollarımla komandamın qələbələrində pay sahibi olduğum üçün çox şadam.
Bunu "Report"a açıqlamasında "Baku Fire" futzal klubunda çıxış edən Kənan Manafov deyib.
41 qolla Yüksək Liqanın bombardiri olan oyunçu komanda yoldaşlarının da uğur qazanmaq üçün meydançada əllərindən gələni etdiyini bildirib: "Mən də üzərimə düşən işi görürəm. Bu, məndə uğurlu alındığına görə şadam".
Manafov cari mövsümdəki hədəflərindən söz açıb: "Hazırda çempionatda ikinci pillədəyik. Hədəfimiz ildən-ilə nəticələrimizi yaxşılaşdırmaqdır. Builki reqlament elədir ki, hər matçdakı xal bizim üçün həlledici olacaq. Bu səbəbdən hər qarşılaşmada meydançaya qalibiyyət əzmi ilə çıxırıq".
O, fevralın 22-də "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri XIII turun oyunu barədə də fikirlərini bölüşüb: "Bizi ciddi sınaq gözləyir. Bu mövsüm rəqibdən bir dəfə xal ala bilmişik. Həmin uğuru yenidən təkrarlamaq niyyətindəyik və bunun üçün əlimizdən gələni edəcəyik. Hazırda məşqlərimiz sırf bu matça yönəlib. Komandamızda əhval-ruhiyyə əladır. Meydanda əzmkar "Baku Fire" olacağına əminəm".
Qeyd edək ki, "Araz-Naxçıvan" – "Baku Fire" oyunu fevralın 22-də, saat 14:00-da başlayacaq. Bölgə təmsilçisi hazırda 31 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. İkinci olan "Baku Fire" liderdən cəmi 4 xal geri qalır.