"Xan Lənkəran" rəsmisi: "İstədiyimiz vaxt klubun adını "Xəzər Lənkəran" qoya bilərik"

"Xan Lənkəran" rəsmisi: "İstədiyimiz vaxt klubun adını "Xəzər Lənkəran" qoya bilərik" Region Liqasında çıxış edən "Xan Lənkəran"ın prezidenti Pərviz Hüseynov "Xəzər Lənkəran" klubunun rəhbərliyi ilə görüşüb.
Futbol
10 Fevral , 2022 18:58
Xan Lənkəran rəsmisi: İstədiyimiz vaxt klubun adını Xəzər Lənkəran qoya bilərik

Region Liqasında çıxış edən "Xan Lənkəran"ın prezidenti Pərviz Hüseynov "Xəzər Lənkəran" klubunun rəhbərliyi ilə görüşüb.

Bu barədə "Report"a həvəskar liqa təmsilçisinin Mətbuat katibi Famil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, görüşdə komandanın ev oyunlarını "Xəzər Lənkəran" Mərkəzi Stadionunda keçirməsi məsələsi müzakirə olunub: "Bilirsiniz ki, ev matçlarımızı bu arenada oynayırdıq. Sadəcə, bəzi problemlər yarandığı üçün oranı tərk etmişdik. "Sumqayıt"la yoldaşlıq, "Qobustan"la isə liqa görüşümüzü Lənkəran Olimpiya İdman Kompleksində keçirmişik. Lakin kompleks istənilən tələblərə cavab vermir. Meydança süni, azarkeş tutumu azdır. "Xəzər Lənkəran" rəhbərliyi ilə görüşdən sonra bizim sözügedən klubun bazasında yerləşməyimizə və ev oyunlarımızı onlara məxsus stadionda keçirməyimizə dair razılıq əldə olunub".

Məmmədov klubun bundan sonra "Xəzər Lənkəran" adlandırılacağına dair yayılan xəbərlərə də aydınlıq gətirib: "Bununla bağlı da razılıq verildi. Növbəti ildə, yaxud istədiyimiz vaxt klubun adını "Xəzər Lənkəran" qoya bilərik. Amma indiki halda adımızı dəyişməmişik. "Xan Lənkəran" olaraq davam edirik. Sonra necə olacağını deyə bilmərik".

O, "Xəzər Lənkəran" rəhbərliyi ilə həvəskar komandaya maddi dəstək barədə heç bir danışığın olmadığını vurğulayıb: "Əsas məqsədimiz baza ilə bağlı olub. Çünki problem yaşayırdıq. Baza dağılmayıb, sadəcə, təmirə ehtiyac var. Qismət olsa, oranı təmir etdirəcəyik. Hotel var, futbolçularımız oyunlardan öncə 2 dəfə təlim-məşq toplanışı üçün orada məskunlaşıb. Bundan sonra ehtiyac olarsa, matçlarımız kompleksdə də keçirilə bilər. Amma əsasən "Xəzər Lənkəran" stadionunda oynayacağıq".

Klub rəsmisi bildirib ki, "Xan Lənkəran"ın əsas hədəfi Premyer Liqada oynamaqdır: "Əsasnamənin tələblərinə uyğun olaraq, üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Növbəti mərhələdə I Diviziona çıxacağıqsa, buna görə hazırlıq görəcəyik. Premyer Liqa üçün isə başqa hazırlıq görüləcək. İndiki halda bank təminatları ilə bağlı heç nə deyə bilmirik. Yalnız federasiya ilə danışıb razılıq əldə etdikdən sonra açıqlama vermək olar. Amma komanda təlim-məşq toplanışı üçün Antalyaya gedə bilirsə, deməli, həmin təminatlara hazırdır".

Məmmədov klubun büdcəsi barədə məlumat vermək istəməyib: "Yalnız onu deyə bilərəm ki, büdcəmiz var. Amma həvəskar klub olduğumuzdan açıqlama verə bilmirik. Buna ehtiyac da duymuruq".

Mətbuat katibi "Xan Lənkəran"da müxtəlif regionlardan futbolçuların olduğunu söyləyib: "Məsələn, Bakıdan Bəxtiyar Soltanov, Röyal Nəcəfov, Elməddin Hüseynzadə var. Heyətin 80-90 faizi bir vaxtlar Premyer Liqada oynamış futbolçulardır".

Məmmədov klubun prezidenti olan Pərviz Hüseynovun Rusiyada yaşadığını və şirkət rəhbəri olduğunu deyib: "Türkiyədə təlim-məşq toplanışımıza gəlmişdi. Orada komanda üzvləri ilə görüşüb. Həmçinin Lənkərandakı oyunlarımızda da olub".

Son xəbərlər

Orphus sistemi