“Milli komandanın formasını geyinmək hər bir futbolçu üçün şərəfdir. Klubumda öz oyunumu sərgiləyir və nə vaxtsa çağırılacağımı gözləyirdim. Yığmaya dəvət ən böyük arzum, istəyim idi".
Bunu “Report”a ilk dəfə futbol üzrə Azərbaycanın əsas milli komandasına dəvət alan Vüsal İsgəndərli deyib.
“Keşlə”nin formasını geyinən 24 yaşlı yarımmüdafiəçi bilirib ki, cari mövsümün əvvəlində qarşısına məhz milliyə dəvət almaq hədəfi qoyub: “Əziyyətimin bəhrəsini görmək xoşdur. Niyə indi dəvət aldım? Görünür, indi daha yaxşı formadayam, nələrisə düz edirəm deyə, çağırılıram. Dəvət almayanda, hər zaman səhvi özümdə axtarırdım”.
Milli AVRO-2020-nin seçmə mərhələsində noyabrın 16-da Bakıda Uels, 3 gün sonra isə səfərdə Slovakiya yığması ilə qarşılaşacaq. İsgəndərli həmin görüşlərdə xal qazanmağın mümkün olduğunu vurğulayıb: “Qarşıdakı oyunlar çətin olacaq, rəqiblər zəif deyil. Əvvəlcə Bakıda Uelslə oynayacağıq. Heyətlərində Qaret Beyl və Aaron Remsi kimi səviyyəli futbolçuları çoxdur. Eyni sözü Slovakiya barəsində də deyə bilərəm. Onların oyunçularının əksəriyyəti böyük, tanınmış klublarda çıxış edirlər. Ağır matçlar olacaq. Ancaq biz də baş məşqçinin dediklərini etməklə və istəkli oynamaqla xal qazana bilərik”.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bundan 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavada Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Oyunlara hazırlıq məqsədilə 11 - 16 noyabrda, 17 - 19 noyabrda Slovakiyada təlim-məşq toplanışı keçiriləcək.