Voyislav Stankoviç: "Üçüncü cəhddə kuboku qazanacağam"

Voyislav Stankoviç: "Üçüncü cəhddə kuboku qazanacağam" Qarabağa qarşı bu meydanda oynamaq çox çətindir. Amma bu gün kifayət qədər qol vəziyyətimiz oldu.
Futbol
1 May , 2019 20:20
Voyislav Stankoviç: Üçüncü cəhddə kuboku qazanacağam

"Qarabağ"a qarşı bu meydanda oynamaq çox çətindir. Amma bu gün kifayət qədər qol vəziyyətimiz oldu".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin müdafiəçisi Vojislav Stankoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları cavab görüşündən sonra deyib.

İlk matçda öz meydanında 1:0 hesablı qələbənin qarşılığında səfər qolu ilə mərhələ adlayan "qırmızı-qaralar"ın müdafiəçisi bundan məmnunluğunu dilə gətirib: "Rəqib birinci hissədə baxımlı qola imza atdı. Biz isə fasilə ərəfəsində iki yüz faizlik qol şansını əldən verdik. İkinci hissədə də gərgin mübarizə oldu, rəqib daha bir qol vurdu. Buna baxmayaraq, sona yaxın ələ düşən fürsətdən yararlandıq və finala vəsiqə qazandıq".

Serbiyalı oyunçu hesabda geri düşdükdən sonra da mərhələ adlayacaqlarına inamının olduğunu vurğulayıb: "Futbolda hər şey mümkündür. Rəqib hətta 2:0 hesabı ilə öndə olarkən də bilirdik ki, 1 qol bizi finala daşıyacaq. Əsl xarakter nümayiş etdirdik və lazım olan topu vurmağı bacardıq".

32 yaşlı futbolçu rəqibin yarımmüdafiəçisi Miçelin qarşılaşmadan sonra qırmızı vərəqə almasına da münasibət bildirib: "Onlar qol vurduqları zaman necə sevinirdilərsə, mən də hakimin final fitindən sonra sevincimi göstərdim. Ancaq Miçel yaxınlaşaraq məni əllə qəsdən vurdu. Halbuki ona heç nə deməmişdim. Sadəcə, sevincimi azarkeşlərimizlə bölüşməyə çalışırdım".

Stankoviç ardıcıl 3-cü dəfə finala çıxdıqlarını və əvvəlki iki görüşdə uduzduqlarını da xatırladıb. Ancaq o, bu dəfə tilsimi qıracaqlarını inam ifadə edib: "Final oyununa maksimum dərəcədə hazırlaşmaq lazımdır. "Qəbələ"nin heyətində iki dəfə Azərbaycan kubokunun finalında oynamışam və hər ikisində məğlub olmuşam. Hesab edirəm ki, üçüncü cəhddə, nəhayət, kuboku qazanacağam. Finalda kimin rəqib olmasının isə bir önəmi yoxdur. Çünki həlledici qarşılaşmada zəif komanda olmur. İstənilən final görüşü çətin alınır və bu dəfə də hər şey ola bilər".

Son xəbərlər

Orphus sistemi