Qapıçımız penalti zərbələrinə hazır idi, oyunçularımız yox.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Turan Tovuz"a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis qələbəyə görə futbolçularına təşəkkür edib:
"Futbolçularıma təşəkkür edirəm. Onlar xarakter göstərdilər. Oyun bizim üçün çox çətin alındı. Uşaqlar özlərində güc tapdılar və qələbə qazandıq. Mərhələ adlamağın bizim üçün önəmi böyükdür. "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçiyə şəfa diləyirəm. İnanıram ki, tez bir zamanda sağalacaq. Penaltilər seriyası lotoreyadır. Burada kim stressə daha dözümlü olursa, o qalib gəlir".
Qeyd edək ki, "Turan Tovuz" - "Sabah" oyununun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) paytaxt klubu 1/4 finala yüksəlib.