Vaqif Cavadov: "Final oyunundan əvvəl heç bir təklifə baxmayacağıq" - MÜSAHİBƏ

Vaqif Cavadov: "Final oyunundan əvvəl heç bir təklifə baxmayacağıq" - MÜSAHİBƏ "Biz məsələyə bir qədər fərqli yanaşdıq"
Futbol
25 May , 2018 14:01
Vaqif Cavadov: Final oyunundan əvvəl heç bir təklifə baxmayacağıq - MÜSAHİBƏ

Bakı. 25 may. REPORT.AZ/ Mayın 28-də "Qəbələ" ilə keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ərəfəsində "Keşlə" klubunun futbolçusu Vaqif Cavadovun "Report"a müsahibəsi 

- Final oyununa necə hazırlaşırsınız?

- Çox ciddi hazırlaşırıq. Final matçının əhəmiyyətini başa düşürük. Kubokun finalında oynamaq hər futbolçuya nəsib olmur. Bunu da dərk edirik. İstəyirik ki, qalib gələk. Amma onu da bilirik ki, həlledici oyunda güclü olan qələbə qazanacaq. Şanslar bərabərdir. 

- UEFA-nın "Keşlə"yə Avropa Liqasında çıxış etmək üçün lisenziya verməsi oyununuza müsbət təsir göstərə bilər?

- Biz komanda olaraq, onu fikirləşmirik. Lisenziya verilməmişdən öncə də demişdik. Final qarşılaşmasına köklənməliyik. Ondan sonrakı işlər isə rəhbərliyin öhdəsindədir. UEFA-dan lisenziya verməsəydilər, oyuna yenə yüksək əhval-ruhiyyədə çıxacaqdıq. Futbolçu olaraq, öz işimizi layiqincə yerinə yetirməli, ölkə kubokunu qazanmalıyıq. Hansı komanda yaxşı oyun sərgiləsə, o da qalib gələcək.

- Təcrübəli futbolçu kimi baş məşqçi Yuri Maksimovun işini necə qiymətləndirisiniz?

- Maksimovun "Keşlə"də göstərdiyi nəticələr göz qabağındadır. Onun qalmasını istəyirəm. Lakin bu məsələyə dair qərarı klub rəhbərliyi verir. 

- Hazırkı klubunuzdan sizə müqaviləni uzatmaq təklif olunubmu?

- Hələlik heç bir danışıq olmayıb. Final oyunundan sonra hər şeyə aydınlıq gələcək.

- Şifahi də olsa, sizə müraciət ünvanlanmayıb?

- Xeyr. "Keşlə" klubu hələ heç bir futbolçu ilə danışıqlara başlamayıb. Final oyununu gözləyirik. Hamının fikri bu oyuna yönəlib. "Qəbələ" ilə qarşılaşmadan sonra danışıqlar olacaq.

- Özünüz necə, "Keşlə"də qalmaq istərdiniz?

- Əlbəttə, qalmaq istərdim. Lakin hər şey mənim istəyimdən asılı deyil. Klub rəhbərliyi və baş məşqçinin istəyi də vacibdir. Ən önəmlisi budur. Bunlar hamısı bir-birinə bağlıdır.

- "Qarabağ" 9 futbolçu ilə yollarını ayırıb. Keçmiş klubundan Sizə təklif gəlməyib?

- Nəinki "Qarabağ", heç bir klubdan təklif gəlməyib. Düşünürəm ki, "Keşlə"dən futbolçu almaq istəyən klublar da final oyununun bitməsini gözləyir. Hazırkı vəziyyətdə kimsə təklif göndərsə, onu düşünməyəcəyəm. Bütün futbolçular bu fikirdədir. Final oyununa tam hazır olmaq istəyirik. Öz aramızda da danışmışıq ki, kimin təklifləri varsa, bu məsələyə final oyunundan sonra baxılsın. Amma hər bir futbolçu istərdi ki, öz karyerası haqqında daha öncədən məlumatlı olsun. Biz məsələyə bir qədər fərqli yanaşdıq. Qərara aldıq ki, heç kim bu barədə danışmasın və final oyununa hazırlıq yaxşı keçsin.

- Bu yaxınlarda milli komandaya çağırılma perspektiviniz barədə danışarkən, "Özümü heç kimə sübut etdirmək istəmirəm" demişdiniz. Artıq yığmaya dəvət almayacağınızla bağlı taleyinizlə barışmısınız? Düşünmürsünüz ki, belə açıqlamalar milliyə çağırılmağınıza mane ola bilər?

- Mən demək istəyirdim ki, hər bir futbolçu ən yaxşı olduğunu öz oyunu ilə sübut etməlidir. Sadəcə, öz oyunumu sərgiləyir və çalışıram ki, komandama xeyr verim. Məni milliyə lazım bilsələr və baş məşqçinin istəyi olsa, can-başla oynamağa hazıram.

- Elə isə sizi niyə milli komandaya dəvət etmirlər?

- Bunu baş məşqçi Qurban Qurbanov yaxşı bilər. Bəlkə də təzə formaya düşmüsəm, ona görədir. Baş məşqçinin öz prinsipləri var. Bunu özündən soruşsanız, daha yaxşı olar.

Son xəbərlər

Orphus sistemi