Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq futbolçusu Ümit Karanın “Report”a müsahibəsi:
- Bu yaxınlarda həvəskar komanda ilə anlaşdınız. Yenidən yaşıl meydanlara qayıtmağınızla bağlı nə deyə bilərsiniz?
- Əslində bu, yaşıl meydanlara qayıdış deyil. Sadəcə həvəskar futbola dəstək olmaq məqsədilə reklam xarakterli bir iş gördük, fərq yaratdıq. Yəni bu, mənim futbolçu karyeramı bərpa etmək anlamına gəlməməlidir. Həvəskar futbolun da önəmli olduğunu göstərməyə çalışdıq.
- Karyeranızı bitirdikdən sonra hansı işlə məşğul olursunuz?
- Baş məşqçi kimi fəaliyyətimi davam etdirirəm. Bu yaxınlarda “Neftçi”yə uduzaraq Avropa Liqasında mübarizəni dayandıran “Şkupi” komandasına başçılıq edirdim.
- “Neftçi” – “Şkupi” oyununu izləmisiniz?
- Bəli, izlədim.
- Azərbaycan təmsilçisi ilə bağlı fikirləriniz necədir?
- Məncə, “Neftçi”nin bəxti gətirdi. “Şkupi” mərhələni keçə bilərdi.
- “Neftçi”nin oyununda hansı çatışmazlıqları gördünüz?
- O qədər detallı izləyə bilmədim. Sadəcə matçın icmalına baxdım. Rəqib azlıqda qalmasaydı, “Neftçi” üçün daha çətin ola bilərdi.
- Necə düşünürsünüz, bu, pandemiyaya görə Azərbaycan Premyer Liqasının yarımçıq dayandırılması ilə bağlı ola bilərmi?
- Hər yerdə eyni vəziyyət idi. Düzdür, pandemiya bu müddət futbola təsir göstərib. Amma şərtlər eyni idi. Tək Azərbaycanda yox, bütün dünyada belə idi.
- “Neftçi” II təsnifat mərhələsində “Qalatasaray”la qarşılaşacaq. Bu oyundan nə gözləyirsiniz?
- İki qardaş ölkənin komandaları bir-birinə qarşı oynayacaq. Kaş qarşılaşma azarkeşlərin iştirakı ilə keçirilər, Bakıda azarkeşlərimiz də görüşü izləyərdi. “Qalatasaray” aşkar favoritdir.
- “Qalatasaray” son vaxtlar yaxşı oyun sərgiləmir. Bunu nə ilə əlaqələndirirsiniz?
- Hər mövsüm çempion olacaqlar deyə bir şey yoxdur. Ötən il yaxşı çıxış etmədilər. Amma “Qalatasaray” avrokuboklarda hər zaman yaxşı oynayır. Bu mövsüm Türkiyə Super Liqasında çempionluğa ən real namizədlərdən biridir.
- Bayaq “Neftçi”nin “Şkupi” ilə oyunda şanslı olduğunu qeyd etdiniz. Sizcə, “Qalatasaray”ın da Avropa Liqasına vəsiqə qazanmaqda bəxti gətirmədi?
- Ola bilər. Amma nəticə etibarilə avrokuboklarda iştirak edəcəklər. "Qalatasaray" böyük təcrübəyə malik komandadır, həmişə yaxşı çıxış edir, Fatih Terim amili var. “Neftçi”nin işinin çətin olduğunu düşünürəm.
- “Neftçi” nəyin sayəsində mərhələ adlaya bilər?
- Bu, futboldur. Kimsə nəticəni müəyyənləşdirə bilməz. Amma futbol sürprizlərlə doludur. İstənilən halda, “Neftçi” üçün çox çətin olacaq.
- “Neftçi”nin “Qalatasaray”ı keçməsi sensasiya sayıla bilərmi?
- Mən hansısa sürprizin olacağını düşünmürəm.
- Bəs olsa, necə?
- Futbolda hər şey mümkündür. “Bavariya” “Barselona”ya 8 qol vurdu. Bunun özü də sürpriz idi. Futbolun nəticəsi əvvəldən bilinmir. “Qalatasaray” öz günündə olmaya və uduza bilər. Amma bunlar çətin ehtimallardır.
- Vaxtilə vurduğunuz qollarla “Qalatasaray”a vacib qələbələr qazandırmısınız. Son illər sanki Türkiyə futbolunda yerli hücumçu problemi var...
- Bəli, hazırda belə bir problemimiz var.
- Əslində bu Azərbaycanda da, digər ölkələrdə də var. Burak Yılmazdan sonra sanki yüksək səviyyəli hücumçu yetişmir. Bunu nə ilə əlaqələndirərdiniz?
- Burak var, Cenk Tosun var. Amma onlar da karyeralarının sonuna yaxınlaşırlar. Bunlardan sonra yetişən forvardlar yoxdur. Milli komanda da hücumçu sarıdan əziyyət çəkir. Serbiya ilə UEFA Millətlər Liqasının oyununda da bunun şahidi olduq. Ümumiyyətlə, bütün dünyada hücumçu problemi hiss olunur. Ən böyük sıxıntı isə Türkiyədədir.
- Bakıya səfər etməyi düşünürsünüz?
- Azərbaycanı, Bakını çox sevirəm. Bir-iki dəfə gəlmək fürsətim olub, amma alınmayıb. Əslində Azərbaycan yığmasına qarşı bir dəfə oynamışam. Bu görüş Türkiyədə keçirilib. Amma Bakıdakı görüşlərin heç birində iştirak etməmişəm. Ümid edirəm ki, nə vaxtsa ölkənizdə də çalışmaq imkanım olar.