“Həmişə Kiyevlə əlaqə saxlayıram. Ona görə deyə bilərəm ki, Bakıda karantin qaydaları daha sərtdir”.
“Report”un məlumatına görə, bunu “Səbail”in qapıçısı Aleksandr Rıbka “Zbirna” nəşrinə müsahibəsində deyib.
33 yaşlı qolkiper evlərinin həyətində mağaza olduğunu və ora problemsiz gedə bildiyini sözlərinə əlavə edib: “Marketə getmək lazımdırsa, icazə almaq üçün xüsusi nömrəyə sms göndərməlisən. Artıq bunu iki dəfə etmişəm”.
Ukraynalı oyunçu bildirib ki, dostları ona şəhərdə postların olduğunu deyib: “Bəzən maşınları saxlayaraq, yaşayış yerini tərk etmək barədə sms-in olub-olmadığını yoxlaya bilərlər. Buna görə sms göndərmək sonradan problemlərlə üzləşməkdən daha yaxşıdır”.
Qapıçı mağazaya gedərkən tibbi maskadan və əlcəkdən istifadənin vacib olduğunu söyləyib: “Karantin başlayanda gəzmək, basketbol oynamaq mümkün idi. İndi isə bütün yerlər hasarlanıb, qadağa qoyulub”.
Rıbka “Azərbaycanda koronarisusa yoluxanlar çoxdurmu” sualına belə cavab verib: “Statistikaya inanmıram, bu, hər ölkəyə aiddir. Azərbaycanda çoxlu sayda xəstə yoxdur, hakimiyyət virusun yayılmaması üçün bütün tədbirləri səmərəli şəkildə həyata keçirir".
Qolkiper Azərbaycanı tərk edə bilməməsinin səbəbini də açıqlayıb: "3-4 günlük "pəncərə" var idi. Amma mən klubumla əlaqədə olduqda dedilər ki, çempionat tezliklə bərpa oluna bilər və ya ən azı məşqlər etməyimiz mümkündür. Ona görə də qalası oldum. Amma başqa ölkədə qalan ukraynalı legioner təkcə mən deyiləm. Türkiyə və Ukraynada qalan həmyerlilərim də var".
Təcrübəli oyunçu hazırda ev şəraitində məşqlər etdiyini, amma toplu və kollektiv çalışmaların çatışmadığını vurğulayıb: "Hələlik gücü fitnesə vermişik. Məşqçilər proqram göndərir, biz də yerinə yetiririk. Qalanı hər bir futbolçunun peşəkarlığından asılıdır".
Qeyd edək ki, Aleksandr Rıbka "Səbail"də 2019-cu ilin yanvarından forma geyinir.