Bakı. 24 oktyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la qarşılaşacaq Ukrayna "Vorskla"sı futbolçularına olan borcları ödəməyə başlayıb.
"Report" xəbər verir ki, bu barədə jurnalist İqor Burqas "Twitter" hesabından paylaşım edib.
Jurnalistin yazdığına görə, bu məsələyə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko qarışıb. O, Poltava təmsilçisinin fəxri prezidenti Konstantin Jevaqoya məktub ünvalayıb və borclar ödənməsə, komandanın Londona səfərinin federasiya tərəfindən boykot olunacağı ilə təhdid edib.
Bundan sonra "Vorskla"nın futboçularına olan 5 aylıq borc qismən ödənilib və onlara gələcək ödənişlərin yaxın zamanda həll olunacağı sözü verilib.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq. Poltava komandası Bakıya bu gün gələcək.