Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov cərimələnib.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko sosial şəbəkə hesabında paylaşım edib.
Funksioner bildirib ki, 65 yaşlı mütəxəssis bir müddət öncə Rusiya əsgərləri ilə bağlı səsləndirdiyi fikirlərə görə kiçik məbləğdə cərimə ödəyəcək: "UEFA rusların absurd şikayətinə çoxdan baxıb. Təbii ki, diskvalifikasiya ilə bağlı heç bir qərar yoxdur və ola da bilməz".
Daha əvvəl Rusiya Futbol İttifaqı (RFS) Petrakovun futboldan ömürlük kənarlaşdırılması ilə bağlı Avropa futbol qurumuna müraciət edib. Buna mütəxəssisin Ukrayna ordusunun tərkibində Rusiyaya qarşı vuruşmaq arzusunda olduğunu və ən azı 2-3 əsgər öldürə biləcəyini deməsi səbəb olub.
Pavelkonun sözlərinə görə, Patrakovun fikirlərini müzakirə edən UEFA baş məşqçinin cərimələnməsinə qərar verib.