Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək.
"Report"un məlumatına görə, sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi olan Almaniya "Bavariya"sı ilə Avropa Liqasını qazanmış İspaniya "Sevilya"sı üz-üzə gələcək.
Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək.
Pandemiya dövründə ilk dəfə avrokubok matçı azarkeşlərin iştirakı ilə keçiriləcək. Görüşü ümumilikdə 15 000-dən çox azarkeşin izləyəcəyi gözlənilir.
Superkuboku indiyədək ən çox İtaliya "Milan"ı və İspaniya "Barselona"sı qazanıb - 5 dəfə. Kataloniyalılar 4, "qırmızı-qaralar" isə 2 dəfə həlledici oyunda uduzublar.
Titul uğrunda son 11 matçın 9-da İspaniya klubları ("Barselona" 5 dəfə, "Atletiko" və "Real Madrid" 3 dəfə ) qələbəni bayram ediblər. Superkuboku ən çox qazanan da Pireney təmsilçiləridir. İspaniyalılar 27 oyunun 15-də qalib gəlməyi bacarıblar. İtaliya klubları isə 9 dəfə Superkuboka sahib çıxıblar.
Titulu ümumilikdə 12 ölkədən 24 fərqli komanda qazanıb.
UEFA Super Kuboku
24 sentyabr
23:00. "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt. "Ferents Puşkaş" stadionu
Qeyd edək ki, UEFA Super Kubokunun son qalibi İngiltərənin "Liverpul" klubudur.