UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) matçını təxirə sala bilər.
"Report" "L'Equipe"ə istinadən xəbər verir ki, martın 11-ə planlaşdırılan qarşılaşmanın bir həftə müddətinə irəli çəkilmə ehtimalı nəzərdən keçirilir.
Görüş Parisdə olmalı idi, lakin Fransada koronavirusun yayılmasına görə idman tədbirlərinin ləğvinə və təxirə salınmasına başlanılıb.
UEFA matçı koronavirusun çox yayılmadığı başqa bölgəyə və ölkəyə köçürə də bilər. Komandalar arasında Almaniyadakı görüş Paris klubunun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, daha öncə Fransa çempionatında "Strasburq" - PSJ matçı qeyri-müəyyən müddətə təxirə salınıb.
Xatırladaq ki, Fransada koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 262-yə çatıb. Bunların 57 660 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.