"Turan"ın sabiq kapitanı: "Formanı geyinib, əlcəkləri taxanda, özümü 18 yaşımda hiss etdim" - MÜSAHİBƏ

"Turan"ın sabiq kapitanı: "Formanı geyinib, əlcəkləri taxanda, özümü 18 yaşımda hiss etdim" - MÜSAHİBƏ "Turan" klubunun sabiq kapitanı, qapıçı Nizami Sadıqov "Report"a müsahibə verib. O, ötən gün komandasının çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar “Kəpəz”lə keçirdikləri yoldaşlıq görüşü barədə da
Futbol
12 Noyabr , 2024 16:33
Turanın sabiq kapitanı: Formanı geyinib, əlcəkləri taxanda, özümü 18 yaşımda hiss etdim - MÜSAHİBƏ

"Turan" klubunun sabiq kapitanı, qapıçı Nizami Sadıqov "Report"a müsahibə verib. O, ötən gün komandasının çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar “Kəpəz”lə Tovuz şəhər stadionunda keçirdikləri yoldaşlıq görüşü barədə danışıb. "Cəfər" ləqəbli qolkiper 30 il əvvəl qarşılaşdıqları "Fənərbağça" ilə qarşılaşmanı yada salıb.

- “Turan”ın çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar “Kəpəz”lə yoldaşlıq oyunu keçirdiniz. Təəssuratlarınızı bilmək maraqlı olardı...

- 30 ildən sonra ilk dəfə idi ki, meydana toplaşıb, komanda şəklində futbol oynadıq. Bizim üçün unudulmaz gün oldu, köhnə dostlarla bir yerə toplaşdıq. Meydanda elə bir ab-hava var idi ki, onu sözlə izah edə bilmirəm. Yaxşı ki, belə bir qarşılaşma təşkil olundu və biz yenidən böyük futbola qısa müddətlik də olsa, qayıda bildik. Gəncədən gələn veteranlar da Azərbaycanın ən titullu futbolçuları idi. Onlarla üz-üzə gəlmək maraqlı oldu.

- Bu cür görüşlər tez-tez keçirilsə, həmişə qapıda dayanmağa hazırsınız?

- Bu cür oyunların tez-tez keçirilməsi Azərbaycan futboluna töhfədir. Gənc nəsillər bizim kimi veteranlara baxacaq və bəlkə də onlarda həvəs oyanmağa başlayacaq. Allah ömür versə, əlbəttə, həmişə qapıda dayanmağa hazıram.

- Sabiq komanda yoldaşlarınızla birgə meydana çıxarkən hansı hissləri keçirdiniz?

- Hansı hissləri keçirdiyimi sözlə deyə bilmərəm, o anı yaşamaq lazımdır. Formanı geyinib, əlcəkləri taxanda, özümü 18 yaşımda hiss etdim. O qədər sevincli idim ki... Tək mən belə düşünmürdüm. Hansı veteran futbolçunun üzünə baxdımsa, eyni həyəcanı hiss edə bildim. Hər biri yenidən topa toxunmaq üçün alışıb-yanırdı. Hər biri gənc yeniyetmə kimi sanki özünü sübut etməyə çalışırdı.

- “Kəpəz”lə matç zamanı meydanda ötən günləri necə xatırladınız?

- Əvvəlki çempionat matçlarını yada saldıq. Futbolun çətin, lakin şirin vaxtlarını xatırladıq. O qədər maraqlı anlar yaşandı ki, hər veteran oyunçu maraqlı bir əhvalatı xatırladırdı. Onların hər birini danışmağa vaxt çatmaz (gülür).

- Oyundan öncə Qurban Qurbanovun əlində 30 il əvvəl "Fənərbağça" ilə oyunda geyinilən "Turan" forması var idi. Bütün futbolçuların keçmiş formaları özlərinə təqdim olunmuşdu?

- Xeyr. Qurban müəllimin əlində olan 11 nömrəli forma Musa Qurbanlıya aid idi. O vaxtdan qalan tək forma idi, onu da şəkil çəkdirmək üçün əlində tutmuşdu. Onu da deyim ki, Qurban Qurbanovun baş məşqçisi olduğu "Qarabağ" veteranların görüşündən bir gün əvvəl Misli Premyer Liqasında "Zirə" ilə qarşılaşdı. Səhəri gün dərhal "Turan" və "Kəpəz" veteranlarının oyunu üçün Tovuza gəldi. Məsafə də uzaqdır, təxminən 500 km-ə yaxın yol qət edib. Qurban Qurbanovun içindəki futbol sevgisi,onu Tovuza gətirdi. Matç başa çatdıqdan sonra ziyafət təşkil olundu. Qurban müəllim də iştirak etdi və dərhal Bakıya qayıtdı. Çünki Bakıda vacib işləri var. Deməyim odur ki, bu qədər işə rəğmən, futbol bayramında iştirak etdi və getdi.

- Veteran futbolçulardan hansının formada olduğu nəzərə çarpırdı?

- Veteran futbolçular qocaldıqları üçün sürət və temp aşağı düşür. Amma texnika və ağıl heç vaxt itmir. Ara-sıra Musa Qurbanlı və Qurban Qurbanov anidən sürət yığırdılar, irəli qaçırdılar. Rövşən Əhmədov da bəzən sürətli oynamağa başlayırdı.

- 30 il əvvəl qazandığınız ölkə çempionluğu ilə bağlı nə deyə bilərsiniz?

- Həmin anlar bir göz qırpımında keçdi. Müsahibənin əvvəlində də bildirmişdim ki, elə anlar var ki, onu sözlə ifadə etmək olmur. Çətin vaxtlardan keçmişik. Dünən veteranların oyununda çempion komanda kimi mübarizə aparırdıq. Təəssüf ki, 30 il əvvəlki çempionluqda payı olan bəzi futbolçular artıq vəfat ediblər. Sakit Alıyev və Eldar Bədəlov kimi veteranlarımızın yeri görünürdü. Çempionluğumuzda pay sahibi olan futbolçulardan idilər. Mirbağır İsayevlə Bəxtiyar Musayev isə üzrlü səbəbdən dünənki matçda iştirak edə bilmirdilər.

- Həmin heyət bu gün Misli Premyer Liqasında mübarizə aparsaydı, mükafatçılar sırasına düşə bilərdi?

- Sizi inandırım ki, həmin vaxtın futbolçuları indiki dövrdə çempionluq uğrunda mübarizə aparardılar. Bizim heyət çox keyfiyyətli futbolçulardan təşkil olunmuşdu.

- 1994/1995 mövsümündə UEFA Kubokunda Türkiyənin "Fənərbağça" klubu ilə oyunları necə xatırlayırsınız?

- İlk dəfə idi ki, avrokubok həyəcanı yaşayırdıq. Böyük azarkeş kütləsi qarşısında çıxış edirdik. Beynəlxalq oyun təcrübəmiz olsaydı, bəlkə də nəticə başqa cür olardı. Həqiqətən stadionda möhtəşəm atmosfer var idi. "Fənərbağça"nın heyətində Türkiyə millisində çıxış edən bir neçə futbolçu yer almışdı. Yaxşı xatırlayıram, rəqibin heyətində Aykut Kocaman topu özündə saxlayarkən, cərimə meydançasından kənarda onu yıxdım. Bəxtim gətirdi ki, hakim sarı vərəqə verdi.

- Azərbaycan klubu həmin vaxt həmçinin ilk dəfə doğma meydanda beynəlxalq oyuna çıxdı. Sumqayıtdakı qarşılaşma yaddaşlarda necə qalıb?

- Tofiq Bəhramov adına Respublika stadionu həmin dövrdə UEFA-nın standartlarına cavab vermirdi. O vaxt qurumun nümayəndələri stadiona baxış keçirdilər və belə qənaətə gəldilər ki, qarşılaşma Sumqayıtda keçirilsin. Bizim üçün də ilk idi. Çünki həmin vaxtlar Azərbaycanda beynəlxalq oyunların keçirilməsinə icazə verilmirdi. Milli komandamız ev görüşlərini Türkiyənin Trabzon şəhərində oynayırdı.

- Azərbaycanı hər il avrokubokların qrup mərhələsində təmsil edən “Qarabağ” “Fənərbağça”nı məğlub edə biləcək gücdədir?

- Bizim dövrümüzdə "Turan"ın avrokubok təcrübəsi olmadığına görə böyük hesabla məğlub olduq. Bu gün, şükürlər olsun ki, "Qarabağ" hər il Azərbaycanı Avropada layiqincə təmsil edir. Bu komandanın "Fənərbağça"nı məğlub edə bilib-bilməyəcəyini deyə bilmərəm. Lakin əminliklə söyləyə bilərəm ki, "Qarabağ" Türkiyədə ilk "beşlik"də rahat başabaş mübarizə apara bilər.

Son xəbərlər

Orphus sistemi