Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik" "Kəpəz"i qəbul edəndə çox oyunlarına baxdım. Gördüm ki, nəsə etmək olar, potensial var. Bu gün bir daha şahidi oldum".
Futbol
9 Sentyabr , 2022 19:07
Tərlan Əhmədov: Kaş, pis oynayıb qalib gələrdik

"Kəpəz"i qəbul edəndə çox oyunlarına baxdım. Gördüm ki, nəsə etmək olar, potensial var. Bu gün bir daha şahidi oldum".

"Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Turan Tovuz"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, üstün oynasalar da, uduzublar: "Futbolda belə hallar olur. Kaş, pis oynayıb qalib gələrdik. Uşaqlar göstərdilər ki, istək var, komanda gələcəyə ümid verir. Düzdür, bəzi çatışmazlıqlar var. Görəcəyimiz iş həddindən artıq çoxdur. Hücum xəttindəki problem qabarıq şəkildə görünür. Amma oyun baxımından nəzarət bizdə idi. Rəqibi topsuz qoymağa çalışırdıq. Hər iki hissədə qol epizodlarımız oldu. Məyus olmaq, depressiyaya düşmək lazım deyil. Bunu futbolçular da başa düşür. Qarşıda 30 tur var. Komandanı qışadək yaxşı hazırlamaq borcumuzdur".

O, əvəzedici komandaya göndərilən Rauf Əliyevin yerinə yeni hücumçu alınacağını istisna etməyib: "İki-üç mövqeyə futbolçu axtarırıq. Qışadək yeni nəfəs olmalıdır. Hücumda aqrsessivlik yarada, qol epizodlarından yararlana bilmirik. Axtarışlar davam edir. Yaxın günlərdə əcnəbi forvard transfer edə bilərik".

Əhmədov kapitan Tural Axundovun ehtiyatda qalmasına da toxunub: "Rauf Əliyevin dalınca heç kim getməyəcək. "Hər şey intizamla bağlıdır. Əfran İsmayılov və Axundov təcrübəli futbolçulardır. Belə oyunçular olmasa, inkişaf etmək çətindir. Turalın ehtiyatda qalması o demək deyil ki, daim mənim yanımda oturacaq. Standart vəziyyətlər zamanı rəqibin uca boylu futbolçularını nəzərə aldığımız üçün onun yerinə Elçin Əmirlini oynatdıq. Özünü yaxşı tərəfdən göstərdi. Kim güclüdürsə, meydanda da o olacaq. Əfranın zədəsi var. Son məşqdə topuğundan xəsarət alıb".

Baş məşqçi komandanın sükanı arxasına yenicə keçməsinə baxmayaraq, 1 xala ümid etdiklərini vurğulayıb: "Elə nüanslar var ki, açıqlaya bilmirsən. Hesab edin ki, matçın referisi Vüqar Həsənli və VAR hakimi əslən Tovuzdandır. Belə oyunlarda diqqətli olmaq lazımdır. Elə bil, Almaniya və İtaliya yığmaları oynayır, görüşü isə alman əsilli baş hakim idarə edir".

Mütəxəssis qış fasiləsindən sonra heyətə yeni futbolçuların cəlb olunacağını bildirib: "Gəncə futbolunun əzəmətini, adət-ənənəsini, məktəbini geri qaytarmaq lazımdır. "Neftçi"dəki uğuru burada da təkrarlamaq istəyirəm. Həyatda heç nəyə zəmanət yoxdur. Büdcəsi çox olan komanda da məni qovdu, az olan klub da. Söhbət sırf puldan getmir. Harda çətin dövr yaşayan komanda varsa, oraya dəvət alıram. Məni hazır kluba çağırmırlar. "Keşlə"də (hazırkı "Şamaxı") yeni komanda qurmuşdum. 18 futbolçunu göndərib, 16 oyunçu cəlb etdim. Bununla belə, uğurlu çıxış etdi. Bu gün "Kəpəz"də ümid verən futbolçular çoxdur. Amma çatışmazlıqlar da var. Ona görə də yeni transferlər komandanı gücləndirməlidir. Qışdək lazımı xalları topladıqdan sonra daha baxımlı futbol sərgiləyəcəyik".

Əhmədovun sözlərinə görə, hazırda "Kəpəz"in heç nəyi yoxdur: "Futbolçular da hazırlıqsızdır. Bunu tədricən aradan qaldıracağıq. Çox yüklənmə edə bilmirsən. Lakin bu gün inamı qaytardıq. Futbolçular göstərdi ki, daha yaxşı oynaya bilərlər. Hamı bilir ki, "Kəpəz"də maliyyə, baza, avtobus, invertar və heyət problemləri var, evdə oynaya bilmirik. Sanki uzun müddət futboldan kənarda qalan "Kəpəz" baxımsızlığa düçar olub. Bu şəhərin komandasına daha böyük dəstək olmalıdır. Gəncə futbolu dirçəlməsə, yerli oyunçu qıtlığı hər zaman olacaq. SSRİ dövründə Azərbaycanın 2 komandası - "Neftçi" və "Dinamo" (Kirovabad) güclülər dəstəsində olub. Gəncə futbolunun adət-ənənəsi qayıtmalıdır. Amma hər şey yüksək səviyyədə olmalıdır. Çatışmazlıq şəraitində yüngül nəticə vermək olar. Yaxşı nəticə üçün hər şey yüksək səviyyədə təşkil edilməlidir".

O deyib ki, Gəncə azarkeşlərinin komandaya yenidən sahib çıxması üçün iş gedir: "İcra hakimiyyəti də bu məsələdə dəstək verir. Yaxın günlərdə bu məsələ öz həllini tapacaq. Burada ahıl yaşında adam və ya 5 yaşlı uşaq futbolu daha yaxşı analiz edir. Görürsən ki, futbola böyük sevgi var. "Kəpəz"ə məhəbbət daha böyükdür. Fanatlarla görüşdük. Onlar da Gəncə futbolunun daha əzəmətli olmasını istəyirlər. Hazırkı durum məni də məyus edir. Belə olmamalıdır. Əvvəlki günlərə qayıtmaq üçün hamı istəklidir. Öz işimə həyatımı verirəm. Bura gələndən cəmi 1 dəfə ailəmlə əlaqə saxlamışam. Bütün konsentrasiyam məşq və oyunlara olub. Mən burada tək nəsə edə biləcək gücdə deyiləm. Şəhər icra hakimiyyəti, ictimaiyyət, veteran futbolçular və azarkeşlər komandanın yanında olmalıdır. Əvvəl məşq meydançasına futbolçulardan başqa heç kim buraxılmırdı. İndi qapıları açmışıq, kim istəyirsə, gəlib dəstək ola bilər. Men öz işimi bilirəm. Amma kənardan dəstək və sevgi olmasa, çox çətindir. Komandanı yüksəyə qaldırmaq şansımız var".

Mütəxəssis kapitanlıq sarğısını kimin daşıyacağı ilə bağlı məsələyə də aydınlıq gətirib: "Əli Səmədov Gəncə futbolunun yetirməsidir. Onun atası da yaxşı futbolçu olub. Qardaşı da akademiyada çalışır. Futbolçu ailəsindən çıxıb. Kapitanlıq sarğısını o da, Tural Rzayev də, Tural Axundov da haqq edir. Yerli futbolçu yaxşı oynayırsa, o da kapitan olmalıdır. Kənardan gələn futbolçu sarğını daşımamamalıdır. Kapitan Səmədov və ya Rzayev olacaq. Kim daha çox layiq olacaqsa, sarğını da qoluna həmin futbolçu taxacaq".

Son xəbərlər

Orphus sistemi