Tahir Gözəl: “Qarabağ” avrokuboklarda çətin rəqib olacaq" - MÜSAHİBƏ

Tahir Gözəl: “Qarabağ” avrokuboklarda çətin rəqib olacaq" - MÜSAHİBƏ "Bugünkü büdcəmiz bizə kifayət edir"
Futbol
16 Aprel , 2017 22:02
Tahir Gözəl: “Qarabağ” avrokuboklarda çətin rəqib olacaq - MÜSAHİBƏ
Tahir Gözəl

Bakı. 16 aprel. REPORT.AZ/ “Mənim üçün sürpriz oldu, gözləmirdim. Möhtəşəm bir qələbə və “Qarabağ”ın çempionluğunu yaşadıq. Buna görə çox sevinirəm. Başda ölkə prezidenti İlham Əliyev olmaqla bütün xalqımızı, “Qarabağ” sevərləri təbrik edirəm”.

“Report”un məlumatına görə, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl Ağdam təmsilçisinin 5-ci dəfə Azərbaycan çempionu olmasına münasibət bildirərkən deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Bu çempionluğun bir qədər çətin əldə edildiyini düşünmürsünüz ki? “Qəbələ” mövsümün gedişində “Qarabağ”ı keçmişdi...

- Tam doğrudur. Doğurdan da “Qəbələ” möhtəşəm bir rəqib idi. Klublarımızın keyfiyyətinin bu qədər yüksək olması avrokubok matçlarında bizə fayda verir. Çətin bir çempionat keçdi.

Lakin çempionluq uğrunda mübarizənin iki deyil, 4-5 komanda arasında getməsi daha gözəl olardı...

- Arzumuz budur. Hesab edirəm ki, növbəti mövsüm klublarımız güclənəcək. Lakin bu il “Qəbələ” bizə nəfəs aldırtmadı.

Əvvələr “Qarabağ”ın futbol məktəbindən Əfran İsmayılov, Rauf Əliyev kimi futbolçular çıxıb. Lakin son illər durğunluq müşahidə olunmaqdadır. Sanki sizdə bu işlər dayanıb. Gələcəkdə bu məsələyə bir qədər çox önəm vermək fikriniz var?

- Belə deməzdim, işlər gedir. Bizdə çox istedadlı uşaqlar var. Qurban Qurbanov da söhbət zamanı mənə deyib ki, yaxın 2-3 ildə bizə çox böyük sürprizlər edə biləcək bir neçə nəfər var. Futbolçu yetişdirmək almaz emalı kimidir. Yaxşı oyunçu çıxartmaq çox nadir və çətin olur. Bütün dünyada belədir. Bizim sistemimiz var. “Qarabağ”da 160 uşaq oynayır. İşlər düzgün qurulub. Sadəcə olaraq, bir az vaxt lazımdır. Baş məşqçimizə də demişəm ki, öz yetirmələrimizi əsas komandada görmək istəyirəm.

Əvvəlki mövsümlərdə “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməməsi transferlərin axsaması oldu. Bu mövsüm maliyyə baxımından problem olmayacaq ki?

- Xeyr. Bunu rahatlıqla söyləyə bilərəm ki, “Qarabağ”ın sponsoru “Azərsun Holdinq” işinə böyük fədakarlıqla yanaşır. Bütün dünyada iqtisadi böhranın olmasına baxmayaraq, axır vaxtlarda vəziyyət yaxşıya doğru dəyişməkdədir. Klubumuzun büdcəsi stabildir. Qurban Qurbanov büdcəni də bilir, limiti də. Ona qapılar açıqdır. Qalıb onun öz tərzində oyunçular seçməsi.

“Qarabağ” Azərbaycanın önəmli bir bölgəsini, işğal altında olan Ağdamı təmsil edir. Bu baxımdan kluba dövlət tərəfindən əlavə maddi dəstək göstərilirmi?

- Daha əvvəl olmuşdu. Hamınız bilirisiniz, cənab prezident sağ olsun, Milan “İnter”i ilə matçda belə hal baş vermişdi. Hesab edirik ki, bugünkü büdcəmiz bizə kifayət edir. Avropa komandalarında elə futbolçular var ki, onların qiyməti bizim klubun büdcəsinə bərabərdir. Biz heç vaxt pul gücü ilə Avropa komandaları ilə rəqabət apara bilməyəcəyik. Unutmayaq ki, Avropa Liqasında udduğumuz “Dnepr” finalda oynadı. Bu işlər bir az da oyunun gedişatından, şansdan asılıdır. “Qarabağ” rəqibləri üçün çətin bir komanda olacaq.

“Qarabağ”ın hədəfi “qızıl dubl” etməkdir. Azərbaycan Kubokunun finalındakı rəqibiniz “Qəbələ”də isə ruh düşkünlüyü var. Bu amil həlledici matça nə dərəcədə təsir edə bilər?

- Oyun Naxçıvanda olacaq, təzə bir ab-havadır. Naxçıvan rəhbərliyi, hörmətli Vasif Talıbov orada çox böyük işlər görüb. Futbola böyük maraq olacaq. Çox böyük dəstək gözləyirəm. Həmin həyəcan hamımıza sirayət edəcək. “Qəbələ”yə çox çətin rəqib kimi baxırıq. Qalib gəlmək üçün onların çox böyük motivasiyaları var.

Bu mövsüm çempionluğun çox çətin əldə olunduğunu qeyd etdiniz. Lakin əvvəlki mövsümlərdə 3-4 rəqibiniz vardısa, indi yalnız “Qəbələ” ilə çəkişdiniz...

- O mənada dedim ki, “Qəbələ” ilə heç vaxt bu qədər çətin mübarizəmiz olmamışdı. Razıyam, digər rəqiblərimizin gücü əvvəlki mövsümlərlə müqayisədə zəif idi.

Azarkeşlər Azərbaycan Kubokunun final matçının Naxçıvanda keçirilməsinə etiraz əlaməti olaraq bəyanat yaymışdılar. Onlar yolun uzaqlığını, gediş-gəlişin çox pul tələb etdiyini əsas gətirirlər. Bu baxımdan sizdə hər hansı fikir dəyişikliyi olmayıb ki?

- Xeyr. Əlbəttə, Bakıda keçirilməsinin müsbət cəhətləri var. Ancaq unutmayaq ki, futbolun məqsədi birlik-bərabərlikdir. Ona görə də final matçının bölgələrdə təşkil olmasına müsbət baxıram. Bəli, Bakıdakı fanatlarımız üzüləcək. Lakin Naxçıvandakı insanlarımız sevinəcək. Məqsədimiz “qızıl dubl” etməkdir. Məqsəd bütün Azərbaycanı sevindirməkdir, yalnız Bakını yox.

Son xəbərlər

Orphus sistemi